Bizi sosial şəbəkələrdən izləyin:
Alimlər tüpürcək analizinin köməyi ilə bəzi nevroloji xəstəlikləri aşkar edə bilən yeni texnologiya hazırlayıblar. Yeni metod Parkinson xəstəliyi, epilepsiya və şizofreniya kimi xəstəliklərin erkən diaqnostikasına kömək edə bilər.
Moderator.az xəbər verir ki, tədqiqatın nəticələri "Advanced Materials" (AM) jurnalında dərc olunub.
Texnologiya tüpürcəkdə mövcud olan zülalların analizinə əsaslanır. Qızıl və oksid əsaslı xüsusi nanostrukturlardan istifadə edərək alimlər molekulların çox zəif siqnallarını milyard dəfədən artıq gücləndirə bilirlər. Daha sonra əldə edilən məlumatlar maşın öyrənməsi alqoritmləri vasitəsilə emal olunur. Bu isə beyin xəstəlikləri ilə əlaqəli xarakterik zülal dəyişikliklərini müəyyən etməyə imkan verir.
Metod nevroloji xəstəlikləri olan 44 xəstədən və 23 sağlam şəxsdən götürülmüş tüpürcək nümunələri üzərində sınaqdan keçirilib. Analiz nəticəsində məlum olub ki, sistem bu xəstəlikləri 90 faizdən çox, bəzi hallarda isə 98 faizə qədər dəqiqliklə fərqləndirə bilir.
Tədqiqatçıların sözlərinə görə, yeni yanaşma gələcəkdə daha mürəkkəb və invaziv diaqnostik üsulları - məsələn, onurğa beyni mayesinin analizi və ya bahalı PET-skan müayinələrini əvəz edə bilər.
Alimlər gələcəkdə bu cür testlərin hətta xəstəxanalardan kənarda belə aparılmasına imkan verəcək kompakt diaqnostik cihazların yaradılmasını planlaşdırırlar. /Oxu.az/