Qadınlarda infarktın əlamətləri kişilərdən fərqlidir - SƏBƏB
Sağlamlıq
1075
13:46, Bu gün

Qadınlarda infarktın əlamətləri kişilərdən fərqlidir - SƏBƏB

Həkimlərin sözlərinə görə, bir çox qadın infarkt riski qrupuna daxil olduğunu bilmir. Bunun əsas səbəbi isə ürək tutmasının “klassik” əlamətlərinin daha çox kişilərdə müşahidə olunmasıdır. Adətən infarkt güclü sinə ağrısı ilə əlaqələndirilir, lakin qadınlarda simptomlar çox vaxt daha zəif və fərqli şəkildə ortaya çıxır.
 
Moderator.az Lent.az-a istinadən xəbər verir ki, kəskin koronar sindrom zamanı qadınların təxminən üçdə biri güclü sinə ağrısı hiss etmir. Bunun əvəzinə daha qeyri-müəyyən və başqa xəstəlikləri xatırladan əlamətlər meydana çıxa bilər.
 
Bu səbəbdən qadınlarda infarkt bəzən gec diaqnoz qoyulur və ya yanlış qiymətləndirilir. Bəzi hallarda xəstə həkimə müraciət etmədən infarktı “ayaqüstə” keçirə bilər ki, bu da ağır fəsadların riskini artırır.
 
Kardioloq Erika Şvarts qeyd edir ki, qadınlarda infarkt zamanı sinə ağrısı çox vaxt zəif olur və bəzən soyuqdəymə və ya qripə bənzər simptomlarla müşayiət olunur. Məsələn, ümumi halsızlıq, bədəndə sızıltı, yüngül üşütmə və ya burun axması kimi əlamətlər ortaya çıxa bilər.
 
Mütəxəssislər qadınlarda infarktın digər mümkün əlamətlərini də qeyd edirlər:
 
səbəbsiz və qəfil güclü yorğunluq
 
istirahət zamanı belə nəfəs darlığı
 
ürəkbulanma və ya qusma
 
başgicəllənmə
 
beldə, boyunda, çənədə və ya qarının yuxarı hissəsində ağrı və narahatlıq
 
güclü narahatlıq və ya panika hissi
 
Həkimlərin fikrincə, menopauzadan sonra estrogen hormonunun azalması ürək-damar xəstəlikləri riskini artırır. Bu səbəbdən 50–55 yaşdan sonra qadınlarda ürək xəstəliklərinin yaranma ehtimalı xeyli yüksəlir.
 
Mütəxəssislər vurğulayırlar ki, səbəbsiz zəiflik, qəfil nəfəs darlığı və ya bədənin yuxarı hissəsində narahatlıq hiss edilərsə, xüsusilə də yüksək təzyiq, diabet, artıq çəki, siqaret çəkmə və yüksək xolesterin kimi risk faktorları varsa, dərhal həkimə müraciət etmək lazımdır. Erkən diaqnoz və vaxtında müalicə infarktın ağır nəticələrinin qarşısını ala bilər.
Link kopyalandı!
Son xəbərlər