"Science of the Total Environment" jurnalında dərc olunan yeni araşdırma çay həvəskarlarını qorxuya salıb. Elm adamları müəyyən ediblər ki, isti çayda bir litrə qədər 60 ədəd mikroplastik parçacıq ola bilər. Bu isə o deməkdir ki, hər dəfə bir fincan paket çay içəndə təxminən 15 ədəd gözlə görünməyən plastik parçası uduruq.
Moderator.az xəbər verir ki, xüsusilə paket çayların kağız kimi görünən hissələrində və ya paketlərin bağlanma nöqtələrində istifadə olunan plastik maddələr qaynar su ilə təmasda olduqda parçalanır. Bu hissəciklər bədəndə xroniki iltihablanmaya, hormonal pozğunluqlara və bağırsaq florasının (mikrobiomun) korlanmasına səbəb ola bilər.
Plastik örtüklü birdəfəlik kağız stəkanlarda içilən çaylarda mikroplastik sayı daha da artır. Şüşə fincanlarda bu rəqəm 14-ə düşdüyü halda, plastik örtüklü stəkanlarda 22-yə qədər yüksəlir.
Məqalədə çaya acılıq verən "tanen" maddəsinə də toxunulub. Tanenlər qidadan aldığımız dəmirin bədən tərəfindən sorulmasına mane olur. Bu, xüsusilə hamilə qadınlar, veganlar və qanazlığı olanlar üçün risklidir.
Ekspertlərdən 4 mühüm tövsiyə:
Paket çaylar əvəzinə ənənəvi dəm çayından istifadə edin. Bu, mikroplastik riskini minimuma endirir.
Çay içərkən plastik və ya daxili plastik örtüklü kağız stəkanlar əvəzinə mütləq şüşə və ya çini (porselen) qablar seçin.
Çaya limon sıxmaq tərkibindəki C vitamini sayəsində dəmirin bədən tərəfindən daha yaxşı sorulmasına kömək edir.
Gün ərzində çay istehlakını 3 fincanla məhdudlaşdırın. Həmçinin, çayı yeməkdən dərhal sonra deyil, ən azı bir saat sonra içməyə çalışın.
(milli.az)