Ürək tutması (miokard infarktı) insan həyatı üçün son dərəcə təhlükəli vəziyyətdir və çox vaxt gözlənilmədən baş verir. Bəzən insan bu anlarda tək olur və bu da riski daha da artırır. Lakin həkimlərin sözlərinə görə, belə hallarda əsas və yeganə düzgün addım təcili tibbi yardım çağırmaqdır.
Moderator.az xəbər verir ki, son illər internetdə güclü və davamlı öskürmənin ürək ritmini bərpa edə biləcəyi ilə bağlı məlumatlar yayılıb.
Bildirilir ki, guya dərin nəfəs alaraq hər iki saniyədən bir güclü öskürmək qan dövranını saxlayır və insanın huşunu itirməsinin qarşısını alır. Bunun mexanizmi kimi isə ağciyərlərə daha çox oksigen getməsi və öskürək zamanı ürəyə təzyiq göstərilməsi izah olunur.
Ancaq kardioloqlar bu məlumatın yanlış və təhlükəli şəkildə şərh edildiyini vurğulayırlar. Həkimlərin izahına görə, sözügedən öskürək manevri yalnız xəstəxana şəraitində, monitor altında olan bəzi ürək ritm pozğunluqları zamanı, tibbi nəzarət altında qısa müddətlik istifadə oluna bilər. Bu üsul ürək tutması zamanı ev şəraitində tətbiq edilməməlidir və insanı təhlükəli gecikməyə sala bilər.
Mütəxəssislər bildirirlər ki, infarkt zamanı vaxt itirmək ölüm riskini ciddi şəkildə artırır. Sinədə sıxıcı ağrı, nəfəs darlığı, soyuq tər, ürəkbulanma, sol qola və ya çənəyə yayılan ağrı hiss edildikdə dərhal təcili yardım çağırmaq və hərəkəti minimuma endirmək vacibdir.
Həkimlər və səhiyyə qurumları vətəndaşları təsdiqlənməmiş xalq üsullarına güvənməməyə, sağlamlıqla bağlı məlumatları yalnız etibarlı tibbi mənbələrdən almağa çağırırlar. Belə hallarda düzgün və vaxtında göstərilən peşəkar tibbi yardım həyat qurtaran əsas faktordur.
(lent.az)