Ağıl dişlərini çıxarmaq lazımdırmı?
Sağlamlıq
40
12:33, Bu gün

Ağıl dişlərini çıxarmaq lazımdırmı?

Bir çox insan düşünür ki, ağıl dişlərini mütləq çıxartmaq lazımdır, lakin bu, hər zaman doğru deyil. Ağıl dişlərinin çıxarılması yalnız o zaman zəruri sayılır ki, onlar ağrı, iltihab, infeksiya, kariyes yaratsın və ya qonşu dişlərə təzyiq göstərsin.

Bu barədə Moderator.az xarici mediaya istinadla xəbər verir.

Ağıl dişləri nə vaxt çıxır?

Ağıl dişləri erkən yeniyetməlik dövrünə qədər ağızda formalaşmır. Onlar adətən diş ətinin altında inkişaf etməyə başladığı üçün rentgen müayinələrində 8–15 yaş aralığında görünə bilər. Bəzi insanlarda isə bu dişlər ümumiyyətlə formalaşmır.

Amerika Stomatoloji Assosiasiyasının məlumatına görə, ağıl dişləri diş ətindən çıxmaq üçün bir neçə il ərzində inkişaf edə bilər. Əksər hallarda onlar 17–21 yaş aralığında çıxır. Lakin bəzi hallarda heç çıxmır və ya yalnız qismən diş ətindən görünür.

Ağıl dişləri ağız boşluğunun ən arxa hissəsində alt və üst çənənin hər iki tərəfində yerləşir.

Hansı problemlər yarada bilər?

Ağıl dişləri ilə bağlı ən çox rast gəlinən problemlər:

Dişin retensiyalı olmasının səbəbi çənənin diş üçün kifayət qədər yerinin olmaması və ya dişin çıxmağa çalışarkən əyilərək yanlış istiqamətdə inkişaf etməsi ola bilər.

Ümumilikdə ağıl dişləri aşağıdakı fəsadlara səbəb ola bilər:

Perikoronit – retensiyalı ağıl dişinin ətrafındakı toxumanın iltihablanması və infeksiyalaşmasıdır. Adətən ağrı və şişkinliklə müşayiət olunur.

Kariyes – dişin qonşu dişə bucaq altında yerləşməsi aralıqları təmizləməyi çətinləşdirir və nəticədə kariyes yarana bilər.

Parodontit – dişləri saxlayan toxumanın infeksiyasıdır. Müalicə olunmadıqda dişləri əhatə edən sümüyün zədələnməsinə səbəb ola bilər.

Kök rezorbsiyası – diş köklərinin dağılmasıdır. Bu, həm ağıl dişinin özündə, həm də yaxınlıqdakı dişdə baş verə bilər.

Ağıl dişləri nə vaxt çıxarılmalıdır?

Ağıl dişlərinin çıxarılması gənclərin ən çox keçirdiyi əməliyyatlardan biridir. Bir çox insanda ən azı bir ağıl dişi çıxarılıb. Bəzi hallarda ağıl dişləri ciddi problemlər yaratdığı üçün onların cərrahi yolla çıxarılması lazım olur.

Stomatoloq və ya ortodont aşağıdakı hallarda ağıl dişinin çıxarılmasını tövsiyə edə bilər. O ağrı verirsə, digər dişlərə zərər vurursa, kariyesə məruz qalırsa və ya kariyes yaradırsa, parodontit riski yaradırsa və ya parodontitə səbəb olursa. Əgər ağıl dişləri çıxıb və ağız boşluğunda heç bir problem yaratmırsa, onları çıxartmamaq da mümkündür.

Ağıl dişi çıxarılandan sonra yarana biləcək risklər

Ağıl dişlərinin cərrahi çıxarılması bəzi fəsadlarla nəticələnə bilər. Bunlara daxildir:

Quru alveol (dry socket) – diş çıxarılan yerdə yaranan qan laxtasının yerindən tərpənməsi nəticəsində meydana gəlir. Bu, infeksiya, sümük və sinirin açıq qalması kimi problemlərə səbəb ola bilər.

İnfeksiya – diş çıxarılan sahədə bakteriya və qida qalıqları yığıldıqda infeksiya yarana bilər. Nadir hallarda bu, əməliyyatdan həftələr və hətta aylar sonra da ortaya çıxa bilər.

Sinir zədələnməsi – dişin yerləşmə dərinliyindən asılı olaraq əməliyyat zamanı ağız boşluğundakı sinirlər zədələnə bilər. Bu isə ağrı, keyimə və iynələnmə hissi ilə özünü göstərə bilər.

 

(lent.az)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər