Bizi sosial şəbəkələrdən izləyin:
Alimlərin yeni araşdırmasına görə, orqanizmdə kifayət qədər vitamin D səviyyəsi qrip və digər tənəffüs yolu infeksiyalarından qorunmağa kömək edir.
Azərtac “The Telegraph”a istinadla xəbər verir ki, ağır vitamin D çatışmazlığı olan şəxslər tənəffüs yolu infeksiyası səbəbindən xəstəxanaya yerləşdirilmə riski baxımından normal səviyyədə vitamin D qəbul edənlərlə müqayisədə 33 faiz daha yüksək risk altındadır.
Araşdırma Surrey, Oksford və Readinq Universitetlərinin alimləri tərəfindən aparılıb. Tədqiqat çərçivəsində Böyük Britaniyada yaşayan 36 min yetkin şəxsin məlumatları təhlil olunaraq, orqanizmdə vitamin D səviyyəsi ilə tənəffüs yolu infeksiyalarına görə xəstəxanaya yerləşdirilmə halları arasındakı əlaqə araşdırılıb.
Mütəxəssislər bildirirlər ki, vitamin D kalsium və fosfor səviyyəsinin tənzimlənməsində mühüm rol oynayır. Bu da sümük və əzələ sağlamlığı üçün vacibdir. Eyni zamanda, vitaminin antiviral xüsusiyyətlərə malik ola biləcəyi ehtimal olunur.
Qeyd edək ki, Böyük Britaniyada qış aylarında günəş işığının az olması səbəbindən vitamin D çatışmazlığı daha çox müşahidə olunur. Bu səbəbdən səhiyyə işçiləri tərəfindən qış mövsümündə hamıya vitamin D əlavəsinin qəbul edilməsi tövsiyə olunur.
Araşdırmaya qrip, pnevmoniya və bronxit kimi virus və bakteriya mənşəli xəstəliklər daxil edilib.