"Qanazlığı bəzi hallarda yaddaş və diqqət problemlərinə səbəb ola bilər".
Moderator.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı qurumun mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov açıqlayıb.
Onun sözlərinə görə, qanazlığı zamanı qanda hemoqlobinin azalması toxumalara daşınan oksigenin miqdarını azaldır:
"Beyin oksigen çatışmazlığına xüsusilə həssas orqandır. Bu səbəbdən xəstələrdə diqqət dağınıqlığı, unutqanlıq hissi müşahidə oluna bilər. Zehni yorğunluğun daha tez baş vermə ehtimalı var. Nəticədə iş qabiliyyəti və konsentrasiya zəifləyir".
Mütəxəssis-ekspert bildirib ki, xüsusilə dəmir çatışmazlığı anemiyası bu əlamətlərlə daha sıx əlaqəlidir:
"B12 vitamini çatışmazlığı olan anemiyada yaddaş problemləri daha qabarıq özünü büruzə bilər. Fol turşusu çatışmazlığı da sinir sistemi funksiyalarına təsir edir. Bununla yanaşı, hər yaddaş problemini yalnız qanazlığı ilə əlaqələndirmək düzgün deyil. Stres və psixoloji gərginlik də oxşar əlamətlər yarada bilər".
N.Məhərrəmov bildirib ki, yuxu pozğunluqları yaddaş zəifləməsinə səbəb ola bilər:
"Qalxanabənzər vəzi xəstəlikləri də nəzərə alınmalıdır. Ona görə də yaddaş problemi olan xəstələrdə qan analizi və əlavə müayinələr vacibdir".