Uşaqlarda qızdırma nə zaman təhlükəlidir? - AÇIQLAMA
Sağlamlıq
734
10:00, Bu gün

Uşaqlarda qızdırma nə zaman təhlükəlidir? - AÇIQLAMA

Uşaqlıq dövründə tez-tez rast gəlinən hərarət təkcə uşağın bədən temperaturunu deyil, valideynlərin narahatlıq səviyyəsini də artırır.
 
Moderator.az xəbər verir ki, Medipol Acıbadem Bölgə Xəstəxanasının Uşaq Sağlamlığı və Xəstəlikləri üzrə mütəxəssisi, uzman həkim Coşkun Saf bu mövzu ilə bağlı valideynlərə vacib tövsiyələr verib.
 
Həkimin sözlərinə görə, hərarətin dərəcəsindən xəstəxanaya müraciət vaxtına, antibiotik verilib-verilməməsindən evdə qulluğa qədər yaşanan qərarsızlıqlar prosesi daha da çətinləşdirir.
 
Qızdırmanın ölçüm yerindən asılı olaraq dəyişə biləcəyini bildirən Dr. Saf qeyd edib ki, uşaqlarda ümumi yanaşmaya görə 38 dərəcədən yuxarı bədən temperaturu qızdırma hesab olunur:
 
"Bədən temperaturunun ən dəqiq ölçümü rektal və ya ağızdan aparılan ölçümlərdir. Lakin praktikada bu üsullar çətin olduğu üçün daha çox qoltuq altı, dəri və qulaqdan ölçüm üsullarına üstünlük verilir. 5-6 aydan kiçik körpələrdə qulaqdan ölçüm uyğun deyil, bu yaş qrupunda qoltuq altı ölçümü tövsiyə olunur".
 
Hərarətin dərəcəsindən daha çox uşağın ümumi vəziyyətinin önəmli olduğunu vurğulayan həkim bildirib ki, hər qızdırma mütləq təhlükə əlaməti deyil:
 
"Əgər uşaq qidalanırsa, maye qəbul edirsə, oynayır, göz təması qurur və sosial reaksiyaları normaldırsa, qızdırmaya müəyyən həddə qədər icazə vermək olar. Hər qızdırmanı dərhal salmaq düzgün yanaşma deyil. Çünki müəyyən dərəcədə o, immun sisteminə müsbət təsir göstərir".
 
Dr. Coşkun Saf xüsusilə 3 aydan kiçik körpələrdə qızdırmanın ciddi qiymətləndirilməli olduğunu bildirib:
 
"Bu yaş qrupunda hərarət müşahidə edilərsə, vaxt itirmədən uşaq həkiminə müraciət olunmalıdır. Bundan əlavə, yüksək temperatur 3 gündən çox davam edərsə, şiddətli qusma, səpkilər, tənəffüs çətinliyi və ya qıcolma kimi əlamətlər yaranarsa, mütləq xəstəxanaya müraciət edilməlidir". /Milli.az/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər