Bizi sosial şəbəkələrdən izləyin:
Qəhvədən müntəzəm istifadə neyrodegenerativ xəstəliklərin - Altsheymer, Parkinson və yaşla əlaqəli demensiya riskini azaldır.
Moderator.az xəbər verir ki, rusiyalı nevroloq Qalina Çudinskaya Gazeta.ru-ya açıqlamasında belə deyib.
"Heyvanlar üzərində təcrübələr göstərib ki, kofein Altsheymer xəstəliyində müşahidə edilən beyin zədələnməsini ləngidir, həmçinin Parkinson xəstəliyi və insultdan sonra koqnitiv pozğunluq modellərində yüngül qoruma təmin edir. Eyni zamanda məlum olub ki, gündə bir-üç fincan qəhvə içən insanlar az içən və ya qəhvə içməyənlərə nisbətən şifahi yaddaşı və diqqəti daha uzun müddət saxlayıblar. Təsir mexanizmi kofeinlə izah olunur: o, adenozin reseptorlarını bloklayır, neyroplastik prosesləri aktivləşdirir, oksidləşdirici stressi azaldır və neyron funksiyasını dəstəkləyir", - deyə nevroloq izah edib.
Qəhvənin tərkibində yalnız kofein deyil, həm də sinergetik təsir göstərən zəngin bioaktiv maddələr kompleksi var. Polifenollar və xlorogen turşusu antioksidant və iltihab əleyhinə təsir göstərir, kofein turşusu isə neyrogenezi stimullaşdırır və beyin hüceyrələrini qoruyur.
"Kofeinin tərkibində olan komponentlər idrak funksiyasını dəstəkləyir, beyində yaşla bağlı dəyişiklikləri ləngidir və mülayim neyroprotektiv təsir yaradır. Amma qəhvənin həddindən artıq istifadəsi yuxusuzluğa, narahatlığa və ürək-damar sistemində stresə səbəb ola bilər. Əksər sağlam yetkinlər üçün kofeinin təhlükəsiz gündəlik dozası 400 mq-a qədərdir (təxminən 4 fincan qəhvə). Lakin hamilə qadınlar, süd verən analar və ürək-damar xəstəliyi və ya yüksək təzyiqi olan insanlar üçün tövsiyə olunan doza gündə 200 milliqrama endirilir", - deyə həkim fikrini yekunlaşdırıb. /oxu.az/