Yuxu rejiminin immun sisteminə təsirləri
Sağlamlıq
1890
07 Jan 2026 | 15:41

Yuxu rejiminin immun sisteminə təsirləri

“Yuxu rejimi immun sisteminə və vitamin-mineral balansına çox ciddi təsir göstərir, bu təsir həm birbaşa, həm də dolayı mexanizmlərlə baş verir. Keyfiyyətli və kifayət qədər yuxu zamanı orqanizm infeksiyalara qarşı qoruyucu sitokinlər istehsal edir, T-hüceyrələrin və NK hüceyrələrinin fəaliyyəti artır, immun yaddaş daha sağlam işləyir”.
 
Moderator.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Zakir Quliyev açıqlayıb.
 
Onun sözlərinə görə, bu isə virus və bakteriyalara qarşı müqavimətin yüksəlməsinə səbəb olur:
 
“Yuxu azaldıqda və ya qeyri-müntəzəm olduqda immun sistem zəifləyir, insan daha tez-tez xəstələnir, xəstəliklər daha uzun çəkir və xroniki iltihab riski artır. Bu zaman stress hormonu olan kortizol yüksəlir və immun cavabı basqılayır. Davamlı olaraq gecə 6 saatdan az yatmaq immun müdafiəni nəzərəçarpacaq dərəcədə zəiflədir. Yuxu pozuntusu vitamin çatışmazlığını birbaşa yaratmasa da, onun əmələ gəlməsinə güclü zəmin yaradır. Yuxusuzluq həzm və sorulma proseslərini zəiflədir, bəzi vitamin və mineralların orqanizm tərəfindən istifadəsi azalır, hormonal balans pozulur. Gec yatıb gec duran insanlarda gün işığı ilə təmas azaldığı üçün xüsusilə D vitamini çatışmazlığı daha tez-tez müşahidə olunur”.
 
Mütəxəssis-ekspert bildirib ki, stress və yuxusuzluq iştahanı dəyişdirir, qeyri-sağlam qidalara meyl artır və bu da B qrupu vitaminləri, maqnezium, dəmir balansının pozulmasına səbəb ola bilir:
 
“Maqnezium bu prosesdə həm səbəb, həm də nəticə rolunu oynaya bilər, çünki onun çatışmazlığı yuxu keyfiyyətini daha da pisləşdirir. Uzunmüddətli gecə növbələri, xroniki yuxusuzluq, davamlı psixoloji stress, yeniyetməlik, hamiləlik və yaşlılıq dövrlərində bu təsirlər daha güclü hiss olunur. Sağlam immun sistemi və düzgün vitamin balansı üçün yuxunun müddəti və rejimi çox önəmlidir. Müntəzəm olaraq 7–9 saat yatmaq, axşam saatlarında ekran istifadəsini azaltmaq, gecə kofeinli içkilərdən uzaq durmaq immun və ümumi sağlamlıq baxımından mühüm rol oynayır”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər