Bizi sosial şəbəkələrdən izləyin:
"Tez-tez yaranan nəfəs darlığı sağlamlıqla bağlı ciddi problemlərdən, o cümlədən yüksək infarkt və ya insult riskindən xəbər verə bilər".
Moderator.az xəbər verir ki, bu barədə rusiyalı kardioloq Nataliya Zolotaryova "Gazeta.ru" nəşrinə müsahibəsində danışıb.
"Ürək qan dövranını, orqan və toxumalara oksigenin çatdırılmasını təmin edir. Əgər bu funksiya pozularsa, orqanizm oksigen aclığı yaşamağa başlayır ki, bu da hava çatışmazlığı hissi ilə özünü göstərir. Bu simptom ürək çatışmazlığı, ürək ritminin pozulması və ya ürəyin işemik xəstəliyinə işarə ola bilər", - deyə Nataliya Zolotaryova xəbərdarlıq edib.
O vurğulayıb ki, vaxtında müalicə olunmadıqda ürək-damar sisteminin işindəki bu cür pozuntular infarkt və insulta qədər ciddi nəticələrə gətirib çıxara bilər.
Bundan əlavə, nəfəs darlığı tənəffüs sistemindəki problemlərin də simptomu ola bilər.
"Bronxial astma, xroniki obstruktiv ağciyər xəstəliyi və pnevmoniya tez-tez nəfəs darlığı ilə müşayiət olunur. Müalicə olunmadıqda, bu cür xəstəliklər ağırlaşa və xəstənin ümumi vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirə bilər", - deyə həkim bildirib.
O qeyd edib ki, fiziki xəstəliklərlə yanaşı, nəfəs darlığı, həmçinin təşviş kimi müxtəlif psixoloji problemlərdən də qaynaqlana bilər.
"Nəfəs darlığı yalnız müvəqqəti narahatlıq deyil, həmçinin orqanizmin verdiyi vacib siqnaldır. Bu simptom ortaya çıxarsa, vaxtında tibbi yardım üçün müraciət etmək zəruridir, çünki erkən diaqnoz sağlamlığın və həyatın qorunmasında həlledici rol oynaya bilər", - deyə kardioloq əlavə edib. /Oxu.az/