Sağlamlıq
1392
27 Dec 2025 | 23:49

"2050-ci ilin süfrəsi: insanlar 25 ildən sonra nə yeyəcək?"  - Futuroloqlardan açıqlama

"Yaxın 25-30 ildə insan qidalanması köklü şəkildə dəyişə bilər..."

İnsanlıq növbəti onilliklərdə təkcə texnologiyada deyil, qida mədəniyyətində də radikal dönüş yaşayacaq.

Moderator.az xəbər verir ki, bu barədə "That's the Jam" nəşri yazıb.

Alimlərin proqnozlarına görə, 2050-ci ilə doğru gündəlik süfrəmiz indiki vərdişlərimizdən həm məzmun, həm də hazırlanma üsulu baxımından xeyli uzaqlaşacaq. Ət, buğda və süd məhsullarına əsaslanan klassik rasion tədricən yerini daha dayanıqlı, iqlimə davamlı və texnoloji yolla istehsal olunan qidalara verəcək.

Gələcəyin qidası: yeməyi necə anlayacağıq?

Futuroloqlar Morgen Gey və Cozef Purun araşdırmasına görə, dəyişiklik təkcə məhsullarla məhdudlaşmayacaq - insanlar yeməyi başa düşmə formasını dəyişəcək. Qida artıq yalnız doymaq vasitəsi deyil, eyni zamanda ekoloji məsuliyyət, resursların qorunması və texnoloji səmərəlilik anlayışları ilə sıx bağlı olacaq.

Araşdırmalara əsasən, gələcəyin rasionunda bu gün geniş yayılmayan, lakin son dərəcə davamlı və qidalı bitkilər üstünlük təşkil edəcək: dəniz yosunları (xüsusilə laminariya), sorqo, tef, balqabaq tumları, zəncirotu (qarahindiba), kanyihua və kivicha - kinonun yaxın "qohumları".

Bu məhsulların üstünlüyü ondadır ki, onlar az su tələb edir, quraqlığa və istiliyə davamlıdır, torpağı daha az tükəndirir və yüksək qida dəyərinə malikdir. Alimlər bildirir ki, iqlim dəyişiklikləri fonunda məhz bu bitkilər qlobal ərzaq təhlükəsizliyinin əsas dayaqlarına çevrilə bilər.

3D-printerdən çıxan yeməklər və "sıfır tullantı" mətbəxi

2050-ci ilin mətbəxində yeməklərin böyük hissəsi 3D-çap texnologiyası ilə hazırlanacaq. Bu prosesdə üzvi tullantılar, bitki qalıqları və emal olunmuş xammal istifadə ediləcək. Məqsəd - maksimum fayda, minimum israf.

Gələcəyin menyusu təxminən belə görünə bilər: 3D-printerdə hazırlanmış göbələk küftələri, kaktus əsaslı "veqan toyuq" ilə dəniz yosunu əriştəsi, tempe, sorqo və balqabaq tumları ilə skandinav üslublu ramen, kök yarpağı, badımcan və noxuddan hazırlanmış pestor sousu, tefdən bişirilmiş qalet və gənc zəncirotu salatı. Bu yanaşma "burundan quyruğa" deyil, "kökdən yarpağa" prinsipi üzərində qurulacaq, yəni bitkinin bütün hissələri istifadə olunacaq.

Morgen Gey vurğulayır ki, bütün bu dəyişikliklərə baxmayaraq, yemək emosional və mədəni bağ rolunu itirməyəcək: "Rəqəmsal dövrdə belə ev mətbəxinin istiliyi və yeməyin paylaşılması insan həyatının ayrılmaz hissəsi olaraq qalacaq".

Qida geyimdən yetişəcək

Futuroloqların ən qeyri-adi proqnozlarından biri də qida yetişdirən geyimlərdir. Alimlər artıq mikroyaşıl bitkilərin, yosunların və hətta bəzi göbələk növlərinin xüsusi parça strukturlarında yetişdirilməsi üzərində işləyir. Bu cür geyimlər şəhər mühitində qida istehsalını asanlaşdıracaq, tullantıları azaldacaq, fərdi istehsal və istehlakı birləşdirəcək. Bu ideya xüsusilə sıx məskunlaşmış meqapolislər üçün perspektivli hesab olunur.

Birlikdə yemək və şəhər təsərrüfatları

2050-yə doğru dəyişəcək təkcə nə yediyimiz deyil, necə və harada yediyimiz də olacaq. Mütəxəssislər proqnozlaşdırır: fərdi alış-veriş yerini kollektiv qida paylaşımı tutacaq, şəhərlərdə damlarda, binaların fasadlarında və yeraltı fermalarda kənd təsərrüfatı genişlənəcək, karbon qazını udan və havanı təmizləyən "yaşıl məhsullar" yaradılacaq. Cozef Pur bu prosesi belə ümumiləşdirir: "Biz əslində keçmişin aqrar biliklərinə qayıdırıq, amma bunu yüksək texnologiya ilə edirik. Daha az heyvani məhsul - Yer üçün daha çox nəfəs deməkdir".

Süfrədə inqilab qaçılmazdır

Alimlərin yekdil fikri budur: 2050-ci ilin rasionu bugünkündən təsəvvür etdiyimizdən də fərqli olacaq. Qida texnologiya, ekologiya və mədəniyyətin kəsişməsində yeni bir mərhələyə qədəm qoyacaq. İnsanlıq daha az istehlak edən, lakin daha şüurlu və davamlı qidalanma modelinə keçməyə məcbur olacaq.
Bu dəyişikliklər narahatlıq doğursa da, futuroloqlar hesab edir ki, düzgün yanaşma ilə bu keçid həm insan sağlamlığı, həm də planet üçün tarixi fürsətə çevrilə bilər.

Link kopyalandı!
Son xəbərlər