Son günlərdə məktəblilər arasında "snus" adlanan saqqızabənzər məhsulun istifadəsi hallarına rast gəlinir.
Ekspertlər arasında bu məhsulun narkotik və ya psixotrop maddə kimi qiymətləndirilib-qiymətləndirilməyəcəyi barədə fikir ayrılıqları var.
Hazırda sözügedən məhsulun tərkibi və hüquqi statusu ilə bağlı araşdırmalar aparılır.
Maraqlıdır, bəs görəsən, "snus" adlanan bu məhsul nədir? Nə məqsədlə istifadə edilir?
Oxu.Az-a açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova qeyd edib ki, "snus" tütün məmulatı kimi tanınır və tərkibində nikotinlə yanaşı, ətirləndiricilər, konservantlar və müxtəlif kimyəvi maddələr mövcuddur:

"Yeniyetmələr və gənclər bəzən dərmanlara, bəzən isə konfet formasında təqdim olunan, lakin asılılıq yaradan müxtəlif məhsullara maraq göstərirlər. "Snus" adlanan və konfetə bənzəyən bu məhsulların Azərbaycanda istehsalı və satışı rəsmi olaraq mümkün deyil. Böyük ehtimalla, bu məhsullar qeyri-qanuni yollarla idxal olunur və ya nəzarətsiz satış nöqtələrindən birbaşa yeniyetmə və gənclərə təqdim edilir.
"Snus"un tərkibindəki nikotin birbaşa asılılıq yaradan maddədir. Bu cür məhsulların bəzən mənşəyi bəlli olmayan yerlərdə istehsal olunması onların tərkibində ağır metalların olma riskini artırır. Nəticədə, mütəmadi istifadə daxili orqanların funksiyalarının pozulmasına, zəhərlənmələrə və ciddi sağlamlıq risklərinə səbəb ola bilər.
Xüsusilə yeniyetmələr və gənclər bu məhsulları damaq altında, dilaltı və ya sorulma yolu ilə qəbul etdikdə ağız, damaq və diş sağlamlığına mənfi təsirlər yaranır, diş əti problemləri müşahidə olunur. Asılılıq riski ilə yanaşı, uzunmüddətli istifadə ürək-damar xəstəliklərinə də yol aça bilər. Qan təzyiqinin yüksəlməsi, ürək ritminin artması, hətta qəfil ürək dayanması kimi ciddi risklər mövcuddur.
Bundan əlavə, immun sistemi zəif olan yeniyetmələrdə "snus" istifadəsi ürəkbulanma, başgicəllənmə, görmənin müvəqqəti pozulması və halsızlıq kimi əlamətlərlə özünü göstərə bilər.
Nikotin tərkibli mənşəyi bəlli olmayan bu məhsullar etibarsız məkanlarda yeniyetmə və gənclər arasında tütün asılılığı yaratmaq məqsədilə satılır. Belə hallarla rastlaşıldıqda Daxili İşlər Nazirliyinin qaynar xəttinə məlumat verilməlidir. Çünki bu məhsullar zərərli hesab olunur və yetkinlik yaşına çatmayanlara satışı və istifadəsi qadağandır.
Nəzarət tədbirləri aparılsa da, gizli və nəzarətsiz məkanlarda bu cür hallar hələ də baş verir. Bu səbəbdən valideynlər, təhsil müəssisələri və aidiyyəti qurumlar məsələyə xüsusi diqqət yetirməlidirlər".
Professor Adil Qeybulla isə Oxu.Az-a açıqlamasında bildirib ki, "snus"dan uzunmüddətli istifadə xərçəng riskini artırır:

"Snus tütün məmulatı hesab olunur və tərkibində nikotin mövcuddur. Artıq istifadə edildikdə ağız boşluğunda yaralar yarada, hətta xərçəng riskini artıra bilər. Uzunmüddətli istifadədə isə tütünün tərkibində olan, qatranabənzər maddələrin - polisiklik aromatik birləşmələrin və karbon-nitratların təsiri nəticəsində xərçəng və müxtəlif ağız xəstəlikləri meydana çıxa bilər".
Onun sözlərinə görə, xüsusilə uşaqlar arasında "snus" istifadəsi ciddi narahatlıq doğurur:
"Məktəb ətrafındakı satış məntəqələrində uşaqların istifadəsi qadağan olunan məhsulların satışı yolverilməzdir. Buraya enerji içkiləri və "snus"a bənzəyən məhsullar da daxildir. Bu məsələdə valideynlər uşaqları maarifləndirməli, onların sağlamlığına təhlükə yaradan vərdişlərdən uzaq durmalarına kömək etməlidirlər.
Bəzi "snus" növlərində nikotinin miqdarı normadan artıq olur ki, bu da uşaq orqanizmi üçün xüsusilə təhlükəlidir. Bu məhsulların ölkəyə daxil olma yolları ciddi şəkildə araşdırılmalıdır. "Snus", əslində, siqaret çəkməyə alternativ kimi təqdim edilsə də, nəticə etibarilə bu məqsəd üçün uğurlu və təhlükəsiz hesab edilə bilməz".