Çox adam elə bilir ki, eyni xəstəlikdir, amma.. - Həkim fərqi açıqladı
Sağlamlıq
507
21:13, Bu gün

Çox adam elə bilir ki, eyni xəstəlikdir, amma.. - Həkim fərqi açıqladı

Həkim soyuqdəymə və qrip simptomları arasındakı fərqləri açıqlayıb.

Moderator.az xəbər verir ki, soyuqdəymə və qrip arasında əsas fərqlərdən biri simptomların inkişaf sürətidir.

Bu barədə Puerto-del-Sur, Monteprinsipe və Torrelodones universitet xəstəxanalarının pulmanologiya xidmətinin rəhbəri Maksimo Gomes "El Periodico De España" nəşrinə açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, qrip qəfil başlayır və yüksək hərarət, əzələ ağrıları, güclü halsızlıq, bəzən isə nəfəs almaqda çətinliklə müşayiət olunur. Soyuqdəymə isə tədricən inkişaf edir: boğaz ağrısı, burun tutulması və asqırma ilə özünü göstərir.

Pulmonoloq vurğulayıb ki, virusların aktiv dövründə ağırlaşmalara daha həssas olan insanları xüsusilə qorumaq vacibdir.

Mütəxəssis qeyd edib ki, gündəlik sadə tədbirlər yoluxma riskini əhəmiyyətli dərəcədə azalda bilir. Onun sözlərinə görə, öskürək və asqırma zamanı ağız və burunu salfetlə örtmək virus damcılarının yayılmasını məhdudlaşdırır, simptomlar yarandıqda tibbi maskadan istifadə isə ətrafdakıları əlavə olaraq qoruyur.

Həkim həmçinin məkanların tez-tez havalandırılmasını, insanların sıx toplaşdığı yerlərdən uzaq durmağı, əllərin mütəmadi yuyulmasını və ya antiseptikdən istifadəni, səhhət pisləşdiyi halda isə evdən çıxmamağı tövsiyə edib.

Gomes bildirib ki, həm qrip virusu, həm də soyuqdəyməyə səbəb olan viruslar simptomlar yaranmadan əvvəl də insanlara yoluxa bilir. Qış aylarında aşağı temperatur, zəif havalandırma və insanların daha çox qapalı məkanlarda vaxt keçirməsi virusların yayılmasını sürətləndirir. Yoluxma halları ən çox evdə, iş yerlərində, təhsil müəssisələrində və ictimai nəqliyyatda qeydə alınır.

 

(Milli.az)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər