Bu turşular sağlamlığınızı məhv edir - Ekspertdən xəbərdarlıq
Sağlamlıq
192
14:33, Bu gün

Bu turşular sağlamlığınızı məhv edir - Ekspertdən xəbərdarlıq

Qış aylarında insanlar qida rasionlarında müxtəlif növ turşulardan daha çox istifadə edirlər. Bu turşular nə qədər ləzzətli olsa da, sağlamlığa zərərləri də az deyil. Bu gün həm açıq, həm də qapalı şəkildə  turşular satılır. Ancaq ekspertlər bildirir ki, bazarlarda açıq formada satılan turşular daha təhlükəlidir. 
Bəs bazarlarda açıq şəkildə satılan turşuların əsas təhlükələri nədən ibarətdir və bu riskləri  necə müəyyən etmək olar?
 
Moderator.az-a danışan qida eksperti Fərid Səfərov deyib ki, bazarlarda açıq şəkildə satılan turşular, xüsusilə ev üsulu ilə hazırlanmış, etiket və istehsal nəzarəti olmayan məhsullar qida təhlükəsizliyi baxımından bir neçə ciddi risk daşıyır:
 
“Ev şəraitində düzgün sterilizasiya olunmayan turşular Clostridium botulinum bakteriyasının inkişafına şərait yarada bilər.  Botulizm çox az miqdarda toksinlə belə həyati təhlükə yaradır. Qabın ağzı açıqdırsa və ya toz-pis qoxu varsa, məhsulda küf ehtimalı yüksəkdir. Küf mikotoksinlər yarada bilər — bu maddələr yüksək temperaturda belə məhv olmur. Bazardakı bir çox turşu hazırlayanlar ucuz duzdan, hətta sənaye duzundan istifadə edir. Çirkli su istifadə edilərsə, parazit və bakterial infeksiyalar mümkündür. Əsl sirkə bahalıdır, buna görə çoxları 70–80%-lik sintetik sirkə esensiyasını su ilə qarışdırır. Qablar bəzən təkrar istifadə olunur. Kimyəvi qalıqlar turşuda həll ola bilər. Turşu otaq temperaturunda uzun müddət qalırsa, fermentasiya prosesi nəzarətsiz gedir. Bu, qazlanma, şişmə, xoşagəlməz qoxu və turşunun xarab olması ilə nəticələnir.
Riskləri ilkin baxışla necə müəyyən etmək olar?
1. Qabın üzərində köpüklənmə, qazlanma və ya şişkinlik.
2. Suyunun bulanıq və ya çirkli olması.
3. Tərəvəzlərin rənginin həddindən artıq solması və ya qeyri-təbii rəng.
4. Çox kəskin, boğucu sirkə qoxusu.
5. Qabın içində fərqli boyda tərəvəzlər, kəsilmə formalarının uyğunsuzluğu.
6. Satıcının şəraitinə diqqət edin.
Turşunu aşağıdakı qablarda hazırlamaq olar: 
- Şüşə qab (bankalar) – turşu ilə reaksiyaya girmir.
- Qida üçün uyğunlaşdırılmış paslanmayan polad.
 
Digər alüminium qablar, emalı zədə görmüş (çini) qazanlar, qida üçün nəzərdə tutulmayan plastik butulkalar turşu ilə reaksiyaya girərək ftalatlar və digər kimyəvi maddələri qidaya keçirə bilər. 
Bazardan açıq turşu almaq ümumiyyətlə tövsiyə olunmur. Ən təhlükəsiz variant evdə hazırlamaq və ya sertifikatlı istehsalçılardan qablaşdırılmış şəkildə almaqdır”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər