“Mən kiməm?” sualına elmi cavab - Genetik tədqiqatlara maraq niyə sürətlə artır?
Sağlamlıq
137
07:42, Bu gün

“Mən kiməm?” sualına elmi cavab - Genetik tədqiqatlara maraq niyə sürətlə artır?

Son dövrlərdə Azərbaycanda genetik tədqiqatlara maraq nəzərəçarpacaq dərəcədə artıb. İnsanlar artıq mənşələrini, köklərini və ailə tarixlərini yalnız şifahi rəvayətlərdən deyil, dəqiq məlumatlardan öyrənməyə üstünlük verirlər. 
 
Bəs genetik tədqiqatlara marağın artmasına səbəb nədir? Genetik testdən keçmək istəyən şəxslər üçün müraciət qaydası necədir?
 
Məsələ ilə bağlı  Moderator.az-a danışan genetik-tədqiqatçı, Azərbaycan DNT Layihəsinin ko-admini Orxan Xansuvar deyib ki, genetik tədqiqatlara marağın artmasının əsas səbəbi, bu sahənin həm elmi, həm tibbi, həm də sosial baxımdan insanlara real fayda verməsidir. Onun sözlərinə görə,  son illərdə DNT testlərinin ucuzlaşması və hər kəs üçün əlçatan olması insanlarda mənşələrini, köklərini, nəsil tarixini öyrənməyə böyük maraq yaradıb:
 
 “Digər tərəfdən, genetikanın tibbdə rolunun artması — xəstəlik risklərinin əvvəlcədən bilinməsi, fərdi müalicə, farmakogenetika kimi imkanlar bu sahəyə diqqəti daha da gücləndirir. Arxeogenetika və növbəti nəsil sekvens texnologiyalarının inkişafı isə tariximizi daha dəqiq öyrənməyə şərait yaradır. Bu faktorların hamısı birlikdə genetikaya marağın həm cəmiyyətdə, həm də elmi mühitdə sürətlə yüksəlməsinə səbəb olur. Bu marağın artmasının başqa bir səbəbi də odur ki, insanlar artıq təkcə tarix kitablarına yox, faktlara — DNT nəticələrinə əsaslanmaq istəyirlər. Genetika bizə həm fərdi kimliyimizi, həm də xalqların və bölgələrin tarixi proseslərini daha obyektiv anlamaq imkanı verir. Bu da cəmiyyətdə böyük maraq yaradır.
Eyni zamanda, Azərbaycanda son illər müxtəlif DNT layihələrinin, o cümlədən yerli tədqiqatların artması, ictimaiyyətdə məlumatlılığın genişlənməsi bu sahəyə olan diqqəti daha da gücləndirib. İnsanlar öz soyunu, ata xəttini, genetik köklərini öyrəndikcə bu, həm milli, həm də şəxsi identiklik baxımından böyük motivasiya yaradır. Üstəlik, biz özümüz də illərdir genetik tədqiqatlarla məşğul olduğumuz üçün görürəm ki, Azərbaycanda bu sahədə böyük boşluq var idi və insanlar məlumat üçün xarici mənbələrə üz tuturdular. Bizim apardığımız yerli DNT layihələri, maarifləndirici yazılar və real nümunələr isə bu boşluğu doldurmağa başladı. İnsanlar görür ki, genetik tədqiqatlar sadəcə elmi terminlərdən ibarət deyil — bu, hər bir şəxsin öz ailə tarixini daha dərindən tanımasıdır”.
 
Genetik-tədqiqatçı vurğulayıb ki, Azərbaycan DNT layihəsi də məhz bu ehtiyacdan doğub:
 
 “Məqsədimiz həm fərdi nəticələri izah etmək, həm də ölkənin genetik xəritəsini yaratmaqdır. Bu cür təşəbbüslər həm elmi ictimaiyyətdə, həm də adi insanlar arasında böyük maraq oyadır. Çünki hər yeni test, hər yeni nəticə həm şəxsi tarixə, həm də ümumi milli tarixə yeni bir parça əlavə edir.
Məncə, insanların genetika sahəsinə bu qədər həssas yanaşmasının əsas səbəbi də odur ki, burada həm elm var, həm tarix var, həm də insanın öz kimliyinə aid cavablar var. Genetik testdən keçmək istəyənlər üçün müraciət prosesi çox sadədir. Biz prosesin maksimum rahat və əlçatan olmasına çalışırıq. İlk addım olaraq şəxs bizə onlayn şəkildə müraciət edir və hansı test növünü – autosom, Y-DNT və ya mtDNT – istədiyini bildirir. Daha sonra ona uyğun nümunə götürmə dəsti təqdim olunur və  ondan rahatlıqla nümunə götürə bilir. Nümunə laboratoriyaya göndərildikdən sonra analiz mərhələsi başlayır və nəticələr hazır olduqda istifadəçiyə həm elektron şəkildə, həm də şifahi izahla təqdim olunur.
Əgər şəxs nəsil araşdırması, ata xətti üzrə haploqruplar, etnik mənşə və ya sağlamlıq riskləri ilə bağlı əlavə izah istəyirsə, biz nəticələri geniş şəkildə analiz edib tam izahlı hesabat təqdim edirik. Məqsəd təkcə nəticə vermək deyil, insanın öz genetik məlumatını düzgün başa düşməsinə və ondan faydalana bilməsinə şərait yaratmaqdır”.
 
Mehin Mehmanqızı
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər