Bizi sosial şəbəkələrdən izləyin:
Alimlər ilk dəfə olaraq yaşla bağlı makulyar degenerasiya (yaşlı insanlarda korluğun əsas səbəblərindən biri) olan xəstələrdə görmənin bərpa olunduğunu bildiriblər. “Cell Stem Cell” jurnalında dərc olunan erkən klinik tədqiqat mərhələsində göstərilib ki, torlu qişanın altına kök hüceyrələrin köçürülməsi təkcə təhlükəsiz olmayıb, həm də bütün iştirakçılarda görməni yaxşılaşdırıb.
Moderator.az Lent.az-a istinadla bildirir ki, araşdırmada xəstəliyin ağır mərhələsindən əziyyət çəkən 71–86 yaş arası altı nəfər iştirak edib. Tədqiqatçılar hər bir xəstənin ən çox zədələnmiş gözünə 50 min ədəd kök hüceyrə yeridiblər. Bu hüceyrələr makulyar degenerasiya zamanı məhv olan torlu qişanın piqment epitel hüceyrələrinə çevrilə bilir. Tədqiqatın əsas məqsədi üsulun təhlükəsizliyini yoxlamaq idi, lakin nəticələr gözləniləndən daha yaxşı olub. Hüceyrələrlə bağlı heç bir fəsad qeydə alınmayıb və xəstələrdə görmə qabiliyyəti yaxşılaşıb.
Xüsusilə də ilkin görmə qabiliyyəti ən zəif olan üç iştirakçıda müşahidə olunan dəyişikliklər təsirli olub: bir ildən sonra onlar orta hesabla 21 hərf daha çox görə biliblər. Alimlər qeyd edirlər ki, xəstəliyin quru formasının gec mərhələsində olan pasiyentlərdə belə yaxşılaşma əvvəllər müşahidə edilməyib.
Hazırda tədqiqatçılar daha yüksək dozalı hüceyrələrlə sınaqları davam etdirirlər. Əgər təhlükəsizlik təsdiqlənsə, bu texnologiya mərkəzi görmənin itmə sürətini yalnız yavaşlatmaqla kifayətlənməyib, onu real şəkildə bərpa etməyə qadir ilk müalicənin əsasını qoya bilər.