Oğurluğa vadar edən gizli xəstəlik: Psixoterapevtdən xəbərdarlıq
Sağlamlıq
547
12:26, Bu gün

Oğurluğa vadar edən gizli xəstəlik: Psixoterapevtdən xəbərdarlıq

Oğurluq cəmiyyətdə ciddi mənfi davranış kimi qəbul edilir və insana xas olan əxlaqi keyfiyyətlərə ziddir. Bu davranış vərdiş halına gəldikdə isə artıq insan özünü nəzarətdə saxlaya bilmir və qarşısını almaqda çətinlik çəkir. Lakin bəzən bu hal sıradan bir pis vərdişdən daha dərinə gedir və zamanla “kleptomaniya” deyilən psixoloji pozuntuya çevrilə bilər.
Bəs kleptomaniya adlanan bu psixoloji pozuntunun yaranmasına səbəb nədir? Onun müalicəsi varmı?
 
Moderator.az-a danışan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov deyib ki, kleptomaniya əxlaqi zəiflik və ya iradəsizlik kimi qiymətləndirilməməlidir:
 
 “Bu, real psixoloji pozuntudur və psixi sağlamlıq mütəxəssisinin müdaxiləsi ilə insanın həyatını nəzarət altına almaq mümkündür. Vacib olan problemin inkar edilməməsi, yardım axtarmaqda gecikilməməsi və müalicənin davamlı şəkildə həyata keçirilməsidir. Kleptomaniya insanın oğurluq etmə ehtiyacını idarə edə bilməməsi ilə xarakterizə olunur. Burada məqsəd maddi qazanc deyil, davranışın özü ilə yaranan gərginliyin azaldılmasıdır. Adətən oğurlanmış əşyaların heç bir real dəyəri olmur, bəzən hətta sonradan atılır və ya gizlədilir.
Kleptomaniya pozuntusu insanın daxili gərginliyini, narahatlığını və ya emosional boşluğunu oğurluq anında yaranan həyəcan hissi ilə qısa müddətlik azaltmağa çalışması nəticəsində formalaşa bilər. Bu hiss beyində mükafat mexanizmini stimullaşdırır və dopamin artımıyla birlikdə davranışı möhkəmləndirir. Beləcə beyin o yanlış davranışı rahatlıq gətirən bir çıxış yolu kimi yadda saxlayır. Həmçinin kleptomaniya çox zaman depressiya, obsesiv-kompulsiv pozuntu və travma sonrası stres kimi psixoloji problemlərlə yanaşı müşahidə olunur ki, bu da pozuntunun yalnız davranış səviyyəsində deyil, daha dərin psixodinamik proseslərlə əlaqəli olduğunu göstərir”.
 
Psixoterapevtin sözlərinə görə, keptomaniya müalicə edilə bilən bir psixoloji pozuntudur:
 
“Psixoterapevtik müdaxilənin məqsədi impulslar üzərində nəzarəti gücləndirmək, davranışın arxasında dayanan emosional səbəbləri müəyyənləşdirmək və daha sağlam davranış modeli formalaşdırmaqdır. Bu yanaşma insanın oğurluqdan əvvəl yaranan gərginliyi başqa yollarla azaltmağı öyrənməsinə kömək edir və daxili psixoloji ziddiyyətlərin tədricən aradan qalxmasını təmin edir. Bəzi hallarda dərman müalicəsi də tətbiq olunur. Beyində emosiyaların və impulsivliyin tənzimlənməsinə cavabdeh mexanizmlərə təsir edən preparatlar psixoterapiya ilə birlikdə istifadə olunduqda daha dayanıqlı nəticə əldə edilir. Ailə və sosial dəstək isə insanın özünə inamını artırır və davranışın təkrarlanma ehtimalını azaldaraq sağalma prosesini gücləndirir”.
 
Mehin Mehmanqızı 
 
Link kopyalandı!
Son xəbərlər