Yuxusuzluqla mübarizədə hansı əsas səhvləri buraxırıq? - Həkimdən açıqlama
Sağlamlıq
146
08:21, Bu gün

Yuxusuzluqla mübarizədə hansı əsas səhvləri buraxırıq? - Həkimdən açıqlama

Yuxuya gedə bilməməkdən yaranan məyusluq və narahatlıq yuxusuzluğu daha da dərinləşdirə bilər, çünki bu hal oyanıqlığı artıran hormonların aktivləşməsinə səbəb olur. Həmçinin smartfonla təmas da yuxunun gəlməsini gecikdirən əsas amillərdən biridir.
 
Moderator.az xəbər verir ki, bunu İspaniyanın Sanatas-La-Sarsuela Universitet Xəstəxanasının yuxu şöbəsinin koordinatoru, klinik neyrofizioloq Daniel Blanes Jakar "Hola" nəşrinə müsahibəsində bildirib.
 
Jakarın sözlərinə görə, əgər insan təxminən yarım saat ərzində yuxuya gedə bilmirsə, yataqdan qalxmalı və yataq otağından kənarda sakit, qeyri-məhsuldar bir işlə məşğul olmalıdır. Mütəxəssis solğun narıncı və ya sarı işıqlandırmadan istifadə etməyi tövsiyə edir. Ağ və ya mavi işıqdan fərqli olaraq, bu rənglər emosional reaksiyaya səbəb olmur və melatoninin - yuxunu tənzimləyən hormonun ifrazını stimullaşdırır.
 
"İdeal məşğuliyyət mümkün olan ən darıxdırıcı kitabı oxumaqdır", - deyə o əlavə edib.
 
Neyrofizioloqun sözlərinə görə, yataqda yatmağı gözləyərkən "qadjetlərə yapışmaq" insanların yol verdiyi əsas səhvlərdəndir. Jakar vurğulayıb ki, smartfondan istifadə, televizora baxmaq, kompüterdə işləmək və ya diqqət tələb edən digər fəaliyyətlər yuxunu yalnız gecikdirir. Bu cür məşğuliyyətlər beyni stimullaşdırır, yuxu çatışmazlığı ilə bağlı narahatlığı artırır və yuxusuzluğun davametmə müddətini uzadır.
 
Həkim əlavə edib ki, yatmazdan əvvəl kifayət qədər qida qəbul etməmək də əlavə risk faktorudur.
 
"Əgər insan şam yeməyindən imtina edirsə və ya çox az yeyirsə, gecə hipoqlikemiya - qlükoza səviyyəsinin kəskin düşməsi baş verə bilər. Bu vəziyyət tez-tez oyanmalara səbəb olur və yenidən yuxuya getməyi çətinləşdirir. Yüngül, lakin tam dəyərli şam yeməyi gecə yuxusuzluğu ehtimalını azaldır və yuxu keyfiyyətini stabilləşdirməyə kömək edir", - deyə ekspert qeyd edib. /oxu.az/
Link kopyalandı!
Son xəbərlər