Sağlamlıq
218
17 Nov 2025 | 23:40

"Yaşlanmanı ləngidən beş sadə vərdiş" - "The Conversation"

"Davranışımızı dəyişmək bahalı əlavələr və cihazlar almaqdan daha təsirlidir..."

Bioloji və xronoloji yaş: anlayış fərqi

Hər bir insanın iki yaşı var: birincisi xronoloji - sadəcə yaşını göstərir; ikincisi isə bioloji - orqanizmin həqiqi vəziyyətini əks etdirir. Bioloji yaş hüceyrələrin, orqanların işləmə qabiliyyətini, DNT zədələnməsini və sistemlərin nə qədər sürətlə köhnəlməsini göstərir. Bu yaş xronoloji ilə həmişə üst-üstə düşmür: bəzən 60 yaşlı bir insan 50 yaşlıdan sağlam və "gənc" ola bilər. Əsas məsələ isə bioloji yaşı idarə etmək mümkündür.

Fiziki aktivlik orqanizmi "geri çevirir"

Mütəmadi idman məşqləri bioloji yaşı iki ilədək geri çəkə bilir. Ən effektiv yanaşma güc məşqləri ilə anaerobik (qısa, intensiv, məsələn, sürətli qaçış və sıçrayışlar) məşqlərin kombinasiyasıdır. Həftədə üç dəfə, hər dəfə 60 dəqiqə məşq etmək kifayətdir. Hətta 25 dəqiqəlik məşqlər də, həftədə üç-dörd dəfə təkrarlansa, yaşlanmanı əhəmiyyətli dərəcədə yavaşladır.

Fiziki aktivlik, həmçinin genlərin "sönməsini" ləngidir. Yaşlandıqca DNT-nin bəzi hissələri atrofiyaya uğrayır, bu da saçların ağarmasına, dəridə qırışların yaranmasına gətirib çıxarır. İdman həm daxili orqanları, həm də görünən orqanları sağlam saxlayır.

Sağlam qidalanma hüceyrələri qoruyur

Bioloji yaş pəhrizdən birbaşa asılıdır. Xüsusilə artıq çəkisi və xroniki xəstəlikləri olanlar üçün düzgün qidalanmaq çox vacibdir. Təcrübələr göstərir ki, 6-12 ay ərzində pəhriz dəyişdirmək bioloji yaşı təxminən 2-2,5 il azaldır.

Sağlam qidalanma prinsipləri: doymuş yağlar, əlavə şəkər və duz, qırmızı ət minimuma endirilsin; tərəvəz, meyvə, tam taxıllar, balıq, az yağlı zülallar və faydalı yağlar artırılsın. Bu qidalar antioksidantlar, iltihab əleyhinə birləşmələr və vitaminlərlə hüceyrələri bərpa edir, DNT-nin zədələnməsinin qarşısını alır.

Yuxu bərpa mexanizmi kimi

Yuxu zamanı bütün yorulmuş və zədələnmiş orqanlar və sistemlər bərpa olunur. Metabolizm, immunitet, sinir sistemi və hormon balansı yuxu zamanı normallaşır, iltihablar sağalır, hüceyrə tullantıları çıxarılır. Kifayət qədər, müntəzəm və gecə vaxtı yuxu yaşlanmanın qarşısını alır. Az yatan insanlar daha çox diabet, ürək xəstəlikləri, xərçəng və demensiya riski ilə üzləşirlər.

Zərərli vərdişlər və stres yaşlanmanı sürətləndirir

Siqaret, spirt və e-siqaret hüceyrələri zədələyərək yaşlanmanı sürətləndirir. Siqaret ağciyərləri 4-5 il "qocaldır", spirt isə DNT-yə zərər verərək iltihabı artırır. Stres isə yaşlanmanın ən güclü katalizatorudur. Xroniki gərginlik hormon balansını pozur, immuniteti zəiflədir və hüceyrə yaşlanmasını sürətləndirir. Stres həm də dolayısı ilə yuxusuzluğa, pis qidalanmaya və zərərli vərdişlərin yaranmasına səbəb olur.

Kiçik, lakin davamlı vərdiş dəyişiklikləri bioloji yaşı xeyli azalda bilər. Genetika və həyat şəraiti təsir etsə də, yaşlanmanın tempi əsasən insanın öz əllərindədir. Sağlam həyat tərzi, düzgün qidalanma, kifayət qədər yuxu, fiziki aktivlik və stresin idarəsi gənc görünmək və uzun ömür sürmək üçün əsas vasitələrdir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər