Şokoladın tərkibi kakao dənələrindən gələn iki aktiv maddəyə, kofein və teobrominə əsaslanır. Bu maddələr sinir sisteminə yüngül stimullaşdırıcı təsir göstərir. Kofein diqqəti və oyanıqlığı artırır, teobromin isə əhval-ruhiyyəni yaxşılaşdırır və ürək döyüntülərinin ritmini bir qədər yüksəldir. Məhz buna görə dietoloqlar yatmazdan əvvəl şokolad yeməyi məsləhət görmür.
Şokolad yuxuya getmə prosesini çətinləşdirə və gecə yuxusunun keyfiyyətini azalda bilər.
Kakaonun faizi nə qədər yüksəkdirsə, məhsulda kofein və teobromin də o qədər çox olur. Məsələn, 30 qram tünd şokoladda 20–23 mq kofein ola bilər, halbuki süd şokoladında bu göstərici cəmi 5–6 mq təşkil edir. Doza böyük olmasa belə, kofeinə həssas insanlar üçün bu miqdar belə yatmağa mane ola və yuxunu səthi edə bilər.
Mütəxəssislər şokoladı yatağa getmədən ən azı dörd saat əvvəl yeməyi məsləhət görürlər. Gün ərzində çay və ya qəhvə içənlər üçün bu xüsusilə vacibdir, stimullaşdırıcı maddələrin təsiri üst-üstə düşə bilər.
Süd şokoladında kakao az olduğu üçün təsiri daha yüngüldür, lakin onun yüksək şəkər miqdarı qan qlükozasında kəskin sıçrayışa və daha sonra gecə oyanmalarına səbəb ola bilər. Bunun qarşısını almaq üçün şokoladı zülal və liflə zəngin qidalarla birləşdirmək tövsiyə olunur. Məsələn, şokolad qırıntılarını təbii yoqurt, yulaf sıyığı və ya kəsmiklə birlikdə yemək.
Alimlər qeyd edirlər ki, şokolad həm də antioksidantlar, flavonoidlər və maqnezium mənbəyidir. Bu maddələr damar və sinir sistemi üçün faydalıdır. Buna görə də şokoladı menyudan tamamilə çıxarmağa ehtiyac yoxdur, sadəcə, onu günün birinci yarısında qəbul etmək və tərkibində ən azı 70 faiz kakao olan tünd növlərə üstünlük vermək daha yaxşıdır.
(Lent.az)