Göz skanları qocalma və ürək xəstəliyi riskini göstərə bilər - ARAŞDIRMA
Sağlamlıq
398
09:10, Bu gün

Göz skanları qocalma və ürək xəstəliyi riskini göstərə bilər - ARAŞDIRMA

Kanadanın McMaster Universiteti və Əhali Sağlamlığı Tədqiqat İnstitutunun (PHRI) alimləri müəyyən ediblər ki, göz dibindəki (retina) kiçik qan damarları insanın bioloji yaşlanma sürəti və ürək xəstəliyi riski barədə mühüm məlumatlar verə bilər.
 
“Science Advances” jurnalında dərc olunan araşdırmaya görə, retina skanları gələcəkdə bədənin damar sağlamlığına və qocalma prosesinə dair qeyri-invaziv, yəni ağrısız və asan bir diaqnostika üsulu kimi istifadə oluna bilər.
 
Tədqiqatın rəhbəri, McMaster Universitetinin dosenti Mari Pigeyre bildirib ki, retina skanlarını genetika və qan biomarkerləri ilə birləşdirmək yaşlanmanın damar sisteminə təsirini daha yaxşı anlamağa imkan verir.
 
Alimlər Kanadadan, Böyük Britaniyadan və digər ölkələrdən olan 74 mindən çox iştirakçının retina şəkillərini, genetik və qan analizlərini müqayisə ediblər. Nəticədə, daha az budaqlanmış və sadə quruluşlu damarları olan şəxslərdə ürək-damar xəstəliklərinin daha çox rast gəlindiyi, həmçinin bu insanların bioloji olaraq daha sürətli qocaldığı aşkar olunub. Tədqiqatçılar iki xüsusi zülalı — MMP12 və IgG-Fc reseptor IIb-ni damar qocalması və iltihabla əlaqələndiriblər. Bu zülallar gələcəkdə ürək xəstəliklərinin qarşısını almaq və ömrü uzatmaq üçün yeni dərmanların hazırlanmasında mühüm hədəf ola bilər. Alimlər ümid edirlər ki, gələcəkdə sadə bir göz skanı insanın ürək və damar sağlamlığı haqqında ilkin məlumat vermək üçün kifayət edəcək. Bununla belə, hazırda bu üsulun klinik tətbiqi üçün daha çox araşdırmaya ehtiyac var. /Lent.az/
Link kopyalandı!
Son xəbərlər