"Metabolik hədd yalnız fiziki hazırlıqla deyil, həm də həzm sisteminin məhdudiyyətləri ilə müəyyən olunur..."
Elm adamları sübut edib ki, insanın fiziki sərhədi əzələlərdə deyil, mədədə başlayır.
Moderator.az xəbər verir ki, bu barədə "Current Biology" jurnalında dərc olunan yeni tədqiqatın nəticələri sübut edib. Məlumatı "naukatv.ru" nəşri yayıb.
Orqanizmin "metabolik tavanı" - görünməz sərhəd
Alimlər müəyyən edib ki, insan bədəni uzunmüddətli enerji sərfiyyatı baxımından sərhədlidir - hətta ən hazırlıqlı idmançılar belə bu bioloji limiti aşa bilmir.
Təqdiqat göstərib ki, insan orqanizmi 30 və daha çox həftə ərzində əsas mübadilə səviyyəsindən (BMR) təxminən 2,4 dəfə artıq enerji sərf etməyi bacarır. BMR - yəni bədənin nəfəsalma, ürək fəaliyyəti və daxili orqanların işi üçün lazım olan minimum kalori miqdarıdır.
Massaçusetts Kollecindən bioloq-antropoloq Endrü Best qeyd edir: "Əvvəllər hesab edilib ki, bu hədd 2,5 BMR səviyyəsindədir, lakin bunu heç kim real şəraitdə yoxlamayıb".
Ekstremal idman və bədənin enerji balansı
Tədqiqatda ultramarafonçular, triatlonçular və velosipedçilər iştirak edib. Onların enerji sərfiyyatı "ikiqat işarələnmiş su" metodu ilə izlənilib, bu suyun tərkibində deyterium və oksigen-18 izotopları var. Bu elementlər sidik, tər və nəfəs vasitəsilə bədəndən çıxarkən, alimlər onların miqdarına əsasən dəqiq şəkildə yandırılan kaloriləri hesablayıb.
Nəticə gözlənilməz olub: çoxgünlük yarışlarda idmançılar gündə 9 min kalori yandırsa da, uzunmüddətli dövrdə enerji sərfiyyatı sabit şəkildə 2,4 BMR ətrafında qalıb. Yəni insan orqanizmi istənilən səviyyədə məşq etsə də, bu "metabolik tavanı" aşmaq mümkün deyil.
Elm adamları maraqlı bir kompensasiya mexanizmi də müşahidə ediblər: idmançılar çox enerji sərf etdikdə, bədən avtomatik olaraq gündəlik fəaliyyətlərdə, məsələn, gəzməkdə və ya xırda hərəkətlərdə enerjiyə qənaət edir. Bu, bədənin təbii "enerji tarazlıq" mexanizmidir.
Sərhədin açarı - mədə və qidalanma sistemi
Avstraliyanın Yeni Cənubi Uels Universitetindən metabolizm üzrə mütəxəssis Naycel Törner bildirir ki, bu bioloji limitin əsas səbəbi mədə-bağırsaq sisteminin fiziki məhdudiyyətidir. İnsan orqanizmi müəyyən miqdardan artıq kalorini sadəcə mənimsəyə bilmir.
Əvvəlki araşdırmalar göstərib ki, insan bədəni maksimum 2,5 BMR səviyyəsində qida həzm edə bilər. Əgər enerji sərfiyyatı bu səviyyədən uzun müddət yüksək olarsa, bədən daxili ehtiyatlara, o cümlədən əzələlərə müraciət etməyə başlayır ki, bu da həm dözümlülüyü, həm də fiziki nəticələri azaldır.
İnsan bədəni enerjiyə qarşı balanslıdır
Yeni araşdırma bir daha sübut edir ki, insan orqanizmi bioloji olaraq enerjiyə limit qoyur. Qısa müddətli güc partlayışları, məsələn, sprint və ya ağır yarışlar mümkündür, amma uzunmüddətli "maksimumda yaşamaq" fizioloji cəhətdən mümkün deyil.
Bu nəticələr yalnız idmançılar üçün deyil, həm də ekstremal iş şəraitində çalışan insanlar üçün mühüm əhəmiyyət daşıyır: bədən, istər istəməz, öz enerjisini qoruma mexanizmini işə salır.
Əgər bu təbii sərhədlər nəzərə alınmasa, nəticədə tükənmə sindromu, əzələ itkisi və immun sisteminin zəifləməsi qaçılmaz olur. Başqa sözlə, insanın əsl gücü, onun dayanıqlığının deyil, bədəninin müdrik məhdudiyyətlərində gizlınir.