Saç tökülməsinin gözlənilməz səbəbi: Qidalanma və vitamin çatışmazlığı
Sağlamlıq
398
14:06, Bu gün

Saç tökülməsinin gözlənilməz səbəbi: Qidalanma və vitamin çatışmazlığı

Saç tökülməsi yalnız genetik və hormonal faktorlarla bağlı deyil. Mütəxəssislər bildirirlər ki, düzgün olmayan qidalanma və bəzi vitamin-mineral çatışmazlıqları da bu problemin əsas səbəblərindən biri ola bilər.
 
Bu barədə "CNN Türk"-ə açıqlamasında daxili xəstəliklər üzrə mütəxəssis Dr. Manolya Gökrem danışıb.
 
Onun sözlərinə görə, biotin (B7 vitamini), B12 vitamini, fol turşusu, dəmir, sink və D vitamini çatışmazlıqları saç köklərinin lazımi şəkildə qidalanmamasına səbəb olur və nəticədə saç tökülməsi prosesi sürətlənir.
 
"Saçın əsas struktur komponenti olan keratinin yaranmasında bu vitaminlər mühüm rol oynayır. Onların uzunmüddətli çatışmazlığı saçın nazikləşməsinə, uzanma tempinin azalmasına və tökülmənin artmasına gətirib çıxarır", - deyə həkim qeyd edib.
 
Dr. Gökrem, xüsusilə qadınlarda geniş yayılan dəmir çatışmazlığı anemiyasının saç tökülməsinin ən yayğın səbəblərindən biri olduğunu vurğulayıb:
 
"Dəmir saç köklərinə oksigen daşıyaraq onların sağlam inkişafını təmin edir. Dəmir çatışmazlığı zamanı bu proses pozulur və saçlar tökülməyə başlayır. Həmçinin sink çatışmazlığı da saçın strukturunu zəiflədir və tökülməyə səbəb olur".
 
O, D vitamininin də əhəmiyyətinə toxunaraq bildirib ki, bu vitamin saç köklərinin böyümə mərhələsində mühüm rol oynayır:
 
"D vitamini çatışmazlığı saç follikullarının böyümə dövrünü qısaldır, bu da tökülməni artırır".
 
Mütəxəssis əlavə edib ki, E və A vitaminləri ilə omega-3 yağ turşuları da saç sağlamlığı üçün vacibdir:
 
"Bu maddələr baş dərisinin nəm balansını qoruyur, qan dövranını yaxşılaşdırır və saçların qırılmasının qarşısını alır. Onların çatışmazlığı saçın matlaşmasına və zəifləməsinə səbəb ola bilər".
 
Sonda Dr. Gökrem vurğulayıb ki, sağlam saçların sirri balanslı və zəngin qidalanmadan keçir:
 
"Zülal, vitamin və minerallarla zəngin bir qidalanma planı, bahalı kosmetik vasitələrdən daha çox fayda verə bilər. Saç tökülməsinin səbəbi düzgün müəyyən olunduqda müalicə də daha effektiv olur". /Milli.az/
 
Link kopyalandı!
Son xəbərlər