Süfrənizdəki bu məhsul təhlükə saçır: Hepatit A-ya yoluxa bilərsiniz – Mütəxəssisdən xəbərdarlıq
Sağlamlıq
441
10:20, Bu gün

Süfrənizdəki bu məhsul təhlükə saçır: Hepatit A-ya yoluxa bilərsiniz – Mütəxəssisdən xəbərdarlıq

Bir çox istehlakçılar balığın əvvəlki kimi dadlı olmadığından, hətta bəzən qəribə iy və dad hiss etdiklərindən şikayətlənirlər. Çoxları bildirir ki, balıq alarkən sanki təbii balıq yox, qəribə iyli, fərqli dadlı bir məhsulla üz-üzə qalırlar. Əsl balığın özünəməxsus dadı və ətri ilə indiki satılanların arasında ciddi fərq hiss olunur. 
 
Bəs bu  balıqlar harada yetişdirilir, hansı şəraitdə saxlanılır və niyə əvvəlki kimi dadlı deyil? Bəzi balıqlarda qəribə dad və iyin yaranmasının səbəbi nədir?  Bu, sağlamlıq üçün təhlükəlidirmi?
Moderator.az-a danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, balıq tərkibinin zənginliyinə görə ən faydalı qidalardan biridir:
 
“Balıq həm zülal mənşəlidir, həm də orqanizm üçün əvəzsiz Omeqa-3 mənbəyidir. Xüsusilə də təbii mühitdə – çaylarda, dənizlərdə və okeanlarda yaşayan balıqlar keyfiyyətinə görə daha yaxşıdır və sağlamlıq üçün vacib elementləri təmin edir.
Ancaq son illərdə balıqların süni şəraitdə yetişdirilməsi, onların yemlərində soya unu, qarğıdalı unu, hətta böyüməni sürətləndirmək üçün istifadə olunan müxtəlif antibiotik və dərmanların qatılması balığın tərkibinə mənfi təsir göstərir.
Əgər hovuz suyu vaxtında dəyişdirilmirsə və keyfiyyətsiz yemlərdən istifadə olunursa, bu zaman balığın həm tərkibi, həm dadı, həm də qoxusu dəyişir. Buna görə də balıq alarkən mütləq mənşəyi bəlli və etibarlı mənbədən alınmalıdır. Təbii çay, dəniz və okean balıqları daha faydalıdır”.
 
M. Hüseynova həmçinin qeyd edib ki, istehlakçılar balıq alarkən onun xarici görünüşünə də diqqət yetirməlidirlər:
 
“Əgər balıqda kəskin, xoşagəlməz və kimyəvi maddəni xatırladan qoxu varsa, belə balığı almaq məsləhət deyil. Keyfiyyətli balığın səthi parlaq, ətinin toxuması elastik, gözləri isə şəffaf olmalıdır. O, mütləq buzlu vitrinlərdə saxlanılmalıdır. Açıq havada uzun müddət saxlanılan balıq sağlamlıq üçün təhlükəlidir”.
 
Qida təhlükəsizliyi mütəxəssisi vurğulayıb ki, xüsusilə yay aylarında temperaturun yüksək olduğu dövrlərdə açıq hava şəraitində uzun müddət saxlanılan balıqların satışı ciddi risk yaradır:
 
“Balıq zülal mənşəli qida olduğuna görə tez xarab olmağa meyillidir. İsti havada uzun müddət açıqda qaldıqda onun tərkibində dəyişikliklər baş verir ki, bu da zəhərlənmə və digər sağlamlıq problemlərinə səbəb ola bilər. İstehlakçılar balıq alarkən təkcə mənşəyinə deyil, həm də onun hansı su hövzəsindən tutulduğuna və keyfiyyət sertifikatlarının olub-olmamasına diqqət yetirməlidirlər.
Əgər balığın mənşəyi bəllidirsə belə, onun hansı su hövzəsindən olduğu, keyfiyyət sertifikatı və təhlükəsizlik göstəriciləri haqqında məlumat almaq vacibdir. Ev şəraitində bişirilməzdən əvvəl balığı yaxşı təmizləmək və yüksək temperaturda bişirmək lazımdır. Bu, mümkün mikroorqanizmlərin məhvinə və sağlamlıq risklərinin qarşısının alınmasına kömək edir”.
 
Həmçinin qida eksperti əlavə ki, dondurulmuş balıqların düzgün saxlanılması da mühüm şərtdir:
 
“Balığın donu açıldıqdan sonra onu yalnız bir dəfə istifadə etmək lazımdır. Dəfələrlə dondurulub-əridilən balıqlarda xoşagəlməz qoxu yaranır və keyfiyyət pozulur, hətta o, ilkin mərhələdə keyfiyyətli olsa belə.
Çirkli və tullantı sularına yaxın hövzələrdən tutulan balıqlarda ağır metallar – civə, qurğuşun və digər toksik maddələr toplanır ki, bu da insan orqanizmi üçün ciddi təhlükə yarada bilər. Belə balıqlar sinir sisteminə mənfi təsir göstərir, böyrək və qaraciyər funksiyalarını poza bilər. Çirkli sularda olan balıqlarda həmçinin bağırsaq infeksiyaları və hepatit A virusuna yoluxma riski də artır. Buna görə də yalnız təmiz su hövzələrindən tutulan balıqların alınması tövsiyə olunur”.
 
Mehin Mehmanqızı
Link kopyalandı!
Son xəbərlər