Dünyanı təhdid edən xəstəlik sürətlə yayılır – Azərbaycan üçün SOS
Sağlamlıq
288
10:04, Bu gün

Dünyanı təhdid edən xəstəlik sürətlə yayılır – Azərbaycan üçün SOS

Dünyanın bəlasına çevrilən xərçəng xəstəliyi son illərdə artıq Azərbaycanda da sürətlə artmaqdadır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il tibb müəssisələrində qeydiyyatda olan xərçəng xəstələtinin sayı 78 875 nəfər olub. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2023-cü ildə xeyli aşağı - 69 435 nəfər idi.  Statistika göstərir ki, Azərbaycanda ən çox yayılan bədxassəli şiş qadınlarla əlaqəlidir. Belə ki, təkcə ötən il 2 674 qadında süd vəzi xərçəngi aşkarlanıb. İkinci yerdə traxeya, bronx, ağ ciyərin xərçəngi gəlir - 1 525 nəfər.
Azərbaycanda xərçəngin yayılan digər formaları aşağıdakılardır:
- ağız boşğluğu və udlağın xərçəngi;
- dodaqların xərçəngi;
- qida borusunun xərçəngi;
- düz bağırsağın, bağırsaq birləşməsinin və anusun xərçəngi;
- qırtlağın xərçəngi;
- dərinin xərçəngi.
Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Musəbəyov Moderator.az-a açıqlamasında bildirib ki, son illər xərçəng xəstəliyi təkcə Azərbaycanda deyil, bütün dünyada ciddi artım göstərir.
Onun sözlərinə görə, bu artımın başlıca səbəblərindən biri düzgün qidalanmamanın geniş yayılmasıdır:
 
“Son statistik araşdırmalar göstərir ki, xərçəngin yaranma səbəblərinin təxminən 50 faizi qidalanma ilə bağlıdır. Bu nəticə ABŞ-ın tanınmış tədqiqat institutlarından biri tərəfindən aparılmış araşdırmalarla da təsdiqlənib. Digər mühüm amillər arasında havanın çirklənməsi, elektron siqaret və tütün məmulatlarından, eləcə də alkoqoldan geniş istifadə halları xüsusi yer tutur. Bu risk faktorları demək olar ki, bütün onkoloji xəstəlik növlərinə aiddir”.
 
Həkim-onkoloq  vurğulayıb ki, artıq xərçəng xəstəliyi yalnız yaşlı insanlarda deyil, gənclər arasında da artmaqdadır:
 
“Əvvəllər bu xəstəliyə əsasən yaşlı insanlarda rast gəlinirdi, lakin indi 50, hətta 30 və 40 yaşdan aşağı şəxslərdə də xərçəngin müxtəlif növlərinə rast gəlinir. Bu, çox ciddi siqnaldır”.
 
Onkoloq xüsusilə bağırsaq xərçənginin artmasına diqqət çəkib:
 
“Bağırsaq xərçəngi daha çox düzgün qidalanmamaq, az hərəkətlilik, suyun az qəbul edilməsi və zərərli maddələrdən çox istifadə nəticəsində yaranır. Bu xəstəliyin kişilər arasında daha çox yayılmasının səbəbi isə alkoqol və tütün məmulatlarından daha çox istifadə etmələridir. Eyni zamanda, quru və hazır yeməklərə üstünlük vermək, təbii qidaların azaldılması da mədə və bağırsaq xərçənglərinin artmasına səbəb olur. Sağlam və balanslı qidalanmaq, fiziki aktivliklə məşğul olmaq çox vacibdir. Təəssüf ki, pasiyentlərin əksəriyyəti bizə xəstəliyin üçüncü və dördüncü mərhələsində müraciət edir. Bu mərhələdə yardım imkanlarımız məhdud olur. Halbuki birinci və ikinci mərhələdə diaqnoz qoyulduqda, xəstənin tam sağalma ehtimalı 100 faizə yaxındır”.
 
Fərid Musəbəyov diqqətə çatdırıb ki, xərçəng xəstəliyinin erkən mərhələdə aşkar olunması həm pasiyentin tam sağalmasına imkan yaradır, həm də müalicə prosesində maddi baxımdan daha az vəsait tələb edir:
 
“Bu mərhələdə xəstəliyin dəqiq diaqnostikası üçün əsasən kolonoskopiya və endoskopiya kimi müayinələr aparılır. Bu üsulla həkim bağırsağın daxili səthini birbaşa müşahidə edir və şübhəli sahə olduqda biopsiya götürür”.
 
Onun sözlərinə görə, biopsiya nümunəsinin laborator analizləri müəyyən vaxt tələb edir:
 
“Götürülmüş biopsiya laboratoriyaya göndərilir və nəticənin əldə olunması təxminən 7–15 gün çəkir. Bundan sonra xəstəliyin hansı növdən olduğu müəyyən edilir. Əgər əlavə müayinəyə ehtiyac olarsa, əməliyyatdan əvvəl kompüter tomoqrafiyası (KT), maqnit-rezonans tomoqrafiyası (MRT) və daha geniş məlumat üçün PET – pozitron emissiya tomoqrafiyası aparılır. Bu müayinə vasitəsilə xərçəngin metastaz verib-vermədiyini də dəqiq müəyyən etmək mümkündür. Xəstəliyin mərhələsindən asılı olaraq müalicə üsulu fərqlənir. Əgər xəstə ilkin mərhələdə müraciət edərsə, əsasən cərrahi əməliyyat aparılır və sonrasında konservativ (dərman) müalicə tətbiq olunur. Lakin üçüncü və ya dördüncü mərhələdə artıq kimyaterapiya, şüa terapiyası və bəzi hallarda “ağıllı dərman” adlandırılan müasir müalicə üsullarından da istifadə edilir”.
 
Mehin Mehmanqızı
Link kopyalandı!
Son xəbərlər