Sağlamlıq
142
21:40, Bu gün

"İnsanlar üçün yeni dişlərin yetişdirilməsi artıq reallığa çevrilir" - Elmi kəşf

"Yapon alimlərinin uğurlu təcrübələri süni implantları və protezləri tarixə çevirə bilər..."

Uzun illərdir dişlərini itirən insanlar yalnız implant və ya protezlərlə çıxış yolu tapırlar. Lakin Yaponiyadan gələn xəbərlər bu sahədə inqilab vəd edir.

Moderator.az xəbər verir ki, bu barədə "archident.ru" nəşri
yazıb.

İmplant və protezlərə alternativ

Nəşr yazır ki, Tokio və Kioto universitetlərinin alimləri dişlərin təbii şəkildə regenerasiyasına imkan verən preparat və biotexnologiyalar üzərində çalışaraq mühüm nailiyyət əldə edib. Məqsəd - insan orqanizmində yeni dişlərin yetişdirilməsini təmin etməkdir.

Elmi kəşfin əsası

Alimlər müəyyən ediblər ki, USAG-1 adlı protein dişlərin təbii inkişafını bloklayır. Onun fəaliyyətini xüsusi monoklonal anticisimlər vasitəsilə dayandırmaqla, orqanizmdə yeni dişlərin böyüməsi mümkün olur. Təcrübələr əvvəlcə gəmiricilər və xoruzquyruqlarda aparılıb, nəticədə əlavə dişlər formalaşıb və ciddi yan təsir müşahidə edilməyib.

Bundan başqa, embriyon hüceyrələri üzərində aparılan araşdırmalar göstərib ki, epitel və mezenximal hüceyrələr birləşdirildikdə, yeni diş toxuması yaranır və transplantasiya olunduqda əvvəlki ilə eyni funksiyaya malik dişlər yetişir.

Klinik sınaqların başlanğıcı

2024-cü ilin sentyabrında Kioto Universiteti xəstəxanasında klinik sınaqlar start götürüb. İlk mərhələdə diş itkisi yaşayan 30 kişi üzərində təhlükəsizlik testləri aparılıb. Daha sonra diqqət 2-7 yaşlı uşaqlara yönəldilib. 

Bu yaş qrupunda dişlərin doğuşdan olmaması problemi təxminən hər 100 nəfərdən birində müşahidə olunur. Alimlərin fikrincə, gələcəkdə metod yalnız bu xəstəliklə məhdudlaşmayacaq, bütün dişlərini itirən insanlara tətbiq edilə biləcək.

Tibbdə inqilabi nəticələr

Əgər bu texnologiya uğurla təsdiqlənərsə, stomatologiyada ən ağrılı prosedurlar - implant, protez və cərrahi müdaxilələr arxa plana keçəcək. Bununla yanaşı, biotexnologiyanın daha geniş hədəfləri də var: gələcəkdə yalnız diş deyil, bədənin digər orqan və toxumalarının da laboratoriyada yetişdirilməsi mümkün ola bilər.

Gözləntilər

Mütəxəssislər ümid edir ki, yeni preparat 2030-cu ildən etibarən tibbi praktikalara daxil olacaq. Bu isə yalnız stomatologiyada deyil, ümumilikdə regenerativ təbabətdə böyük sıçrayış kimi qiymətləndirilir.

Link kopyalandı!
Son xəbərlər