Bel ağrısının əsas səbəbi bu imiş...
Sağlamlıq
775
16 Sep 2025 | 22:58

Bel ağrısının əsas səbəbi bu imiş...

Dünyanın üçdə bir ölkə və ərazilərində son otuz il ərzində əzələ-sümük sistemi xəstəliklərinin artmasının əsas səbəbi məhz əhalinin yaşlanması olub.

Bu qənaətə beynəlxalq tədqiqatçılar qrupu gəlib. Tədqiqatın nəticələri Annals of the Rheumatic Diseases (ARD) jurnalında dərc olunub.

Əzələ-sümük sistemi xəstəliklərinə artrit, osteoporoz və bel ağrıları kimi problemlər daxildir. "Global Burden of Disease 2021" layihəsinin məlumatlarının təhlili tədqiqatçılara yaşlanmanın təsirini digər amillərdən - əhali artımı və xəstəliklərin epidemiologiyasındakı dəyişikliklərdən ayırmağa imkan verib.

“Əhalinin yaşlanması qaçılmaz qlobal tendensiyadır, lakin onun oynaqlar və sümüklərlə bağlı xəstəliklərə təsiri bərabər paylanmayıb. Ən çox orta gəlirli ölkələr əziyyət çəkir, çünki demoqrafik dəyişikliklər burada daha sürətlə baş verir və səhiyyə sistemləri bu yükə hazır deyil,” - deyə tədqiqatın rəhbəri, Anhoy Tibb Universitetindən Xay-Fen Pan bildirib.

Alimlərin hesablamalarına görə, 2021-ci ildə yalnız yaşlanma ilə bağlı xəstəliklərin müalicə xərcləri 96 milyard ABŞ dolları təşkil edib ki, bu da dünya ÜDM-nin 0,1%-nə bərabərdir. Bu rəqəm qarşısı alına bilən bir çox risk faktorlarının yaratdığı xərclərdən daha yüksəkdir.

Ən çox artım osteoartritdə müşahidə olunub, ikinci yerdə podaqra artriti, üçüncü yerdə isə revmatoid artrit qərarlaşıb. Maraqlıdır ki, varlı ölkələrdə kişilər daha çox əziyyət çəkir, aşağı və orta gəlirli ölkələrdə isə qadınlar.

“Sanki dünya səhiyyəsi kömək üçün fəryad edir: sümük və oynaq xəstəlikləri cəmiyyətə fiziki, emosional və maliyyə baxımından çox baha başa gəlir. Əgər indi deyil, bəs nə vaxt qlobal strategiya hazırlanacaq ki, ağrı və hərəkət itkisinə qarşı mübarizə aparılsın?” — deyə Sidney Universitetindən professor Lin Març şərh verib.

Tədqiqat müəllifləri vurğulayıblar ki, bu nəticələr siyasətçilərə demoqrafik xüsusiyyətləri nəzərə alaraq profilaktika və uzunmüddətli müalicə strategiyalarını formalaşdırmaqda kömək etməlidir. Bu isə yaşlı insanların həyat keyfiyyətinin yüksəldilməsinə imkan verəcək.

 

(Publika.az)

Link kopyalandı!
Son xəbərlər