"Uşaqlıqda qidalanma çatışmazlığından 5-ci tip diabetədək..."
Diabetin yeni forması rəsmi olaraq tanınıb
Beynəlxalq Diabet Federasiyası diabetin yeni bir formasını - 5-ci tip diabeti rəsmi olaraq təsnifata daxil edib. Bu qərar göstərir ki, diabet yalnız iki tanınmış tipdən ibarət deyil. Əslində ondan çox alt növ mövcuddur və hər biri fərdi səbəblər və müalicə yanaşmaları tələb edir.
Moderator.az xəbər verir ki, bu barədə "The Conversation" nəşri yazıb.
Ən çox yayılmış formalar 1-ci və 2-ci tip diabetdir. 1-ci tip diabet avtoimmun xəstəlikdir: immun sistemi pankreasın insulin istehsal edən hüceyrələrini məhv edir, və xəstəlik hər yaşda başlaya bilər. Ömrü boyu insulin müalicəsi tələb olunur. 2-ci tip diabet isə daha çox çəkidən və genetik meyllikdən asılıdır. Onun müalicəsi həyat tərzi dəyişiklikləri və dərmanlar, məsələn metformin qəbulunu əhatə edir.
Hamiləlik dövründə inkişaf edən gestasion diabet və genetik problemlər, cərrahi əməliyyatlar və ya xroniki pankreas xəstəlikləri nəticəsində yaranan nadir formalar da mövcuddur. Məsələn, 3c tip diabet pankreatit və ya əməliyyatdan sonra, mukovissidozlu insanlarda isə 40 yaşa qədər diabet riski əhəmiyyətli dərəcədə artır.
Uşaqlıqda qidalanma çatışmazlığı ilə bağlı yeni təhlükə
Yeni tanınmış 5-ci tip diabet uşaqlıq dövründə qidalanma çatışmazlığı ilə əlaqədardır. Təxminən 20-25 milyon insan, əsasən az gəlirli ölkələrdə bu tip diabetdən əziyyət çəkir. Bu xəstələrdə aşağı çəki və insulin çatışmazlığı müşahidə olunur, lakin bu, avtoimmun reaksiya nəticəsində deyil, pankreasın inkişafının qidalanma çatışmazlığı səbəbindən pozulması ilə bağlıdır. Tədqiqatlar göstərir ki, uşaqlıqda protein çatışmazlığı insulin istehsal edə bilən hüceyrələrin sayını azalda bilər.
Bu tip diabetin tanınması qlobal tibb üçün böyük əhəmiyyət kəsb edir: xəstəliyin tez-tez tanınmadığı və ya səhv təsnifləndirildiyi bölgələrdə daha düzgün diaqnoz və müalicə imkanı yaradacaq. Ekspertlər əmin edir ki, yeni təsnifat fərdi müalicə üsullarının inkişafına və ən həssas əhali üçün tibbi yardıma çıxışın yaxşılaşdırılmasına kömək edəcək.
Diabet müalicəsində ümidverici yeniliklər
Son araşdırmalar göstərir ki, 1-ci tip diabet üçün yeni müalicə metodu artıq sınaqdan keçirilib. "The New England Journal of Medicine"-də yayımlanan nəticələr təsirli görünür: kontrol qrupundakı xəstələrin 83 faizi sağalıb. Lakin endokrinoloq və mütəxəssislər bildirir ki, hər kəs üçün bu müalicə uyğun olmaya bilər və müalicə yanaşması fərdi olaraq seçilməlidir. Beləliklə, həm diabetin yeni formalarının tanınması, həm də inqilabi müalicə metodlarının ortaya çıxması dünyada diabet xəstələrinin həyatını əhəmiyyətli dərəcədə dəyişə bilər.