Həkim deyir ki, yeni mutasiyalar olacaq, buna görə valideynlər diqqətli olmalıdırlar; “Əgər yanaşı xəstəliklər, allergiya, burun-boğaz problemləri varsa...”
Sentyabrın ikinci yarısında məktəblərdə və ali məktəblərdə dərslərin bərpası ilə virus infeksiyalarının yayılma riski artacaq. Bu barədə danışan Səhiyyə Nazirliyinin infeksionist-eksperti Təyyar Eyvazov bildirib ki, insanların qapalı məkanlarda - dəhlizlərdə və sinif otaqlarında toplanması daha sıx təmaslara şərait yaradır.
Bəs azyaşlılar və valideynlər nələrə diqqət etməli? Hansı qrup uşaqlar infeksiyalara daha həssasdır?
Həkim-pediatr Gülşən Əliyeva mövzu ilə bağlı “Yeni Müsavat”a şərh verib: “Hər il payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar yeni virus infeksiyaları yaranır və mutasiyaya uğrayır. Bu infeksiyalar əsasən uşaqlar arasında yayılır. Məktəblərin açılması ilə uşaqlar bir-birilə daha çox təmasda olur, nəticədə virus hava-damcı yolu ilə birindən digərinə keçir. Qapalı məkanlarda isə yayılma prosesi daha sürətli gedir. Elmi izahı isə belədir: soyuq havalarda burun boşluğunda virusları tutub məhv edən qabarcıqların fəaliyyəti zəifləyir. Onlar isti mühitdə aktiv olur, lakin uşaq soyuğa çıxanda onların sayı azalır. Uşaq yenidən isti mühitə qayıdanda virusla təmasda olsa, həmin qoruyucu hüceyrələrin sayı az olduğundan yoluxma ehtimalı artır”.
Həkim valideynlərin diqqət etməli olduğu vacib məqamlara da toxunub: “Xəstə uşaq kollektivə buraxılmamalı, yalnız tam sağaldıqdan sonra dərsə qatılmalıdır. Ən çox allergiyası olan, immun sistemi zəif uşaqlar xəstəliyə daha tez yoluxur. Əgər uşaqda yanaşı xəstəliklər, allergiya, burun-boğaz problemləri varsa, bunlar vaxtında müalicə olunmalıdır. Anemiya, raxit keçirmiş, qidalanması zəif olan, çəki və boy problemi olan uşaqlar da həssas qrupa aiddir və digər uşaqlara nisbətən daha tez yoluxurlar.
Əsas məsələ uşağın praktik olaraq sağlam olması və xəstə halda kollektivə buraxılmamasıdır. Qrip vaksini dünyada geniş istifadə olunur, təhlükəsizdir. Uşaq tez-tez xəstələnirsə və ağır keçirirsə, qrip vaksinindən istifadə tövsiyə olunur. Bundan əlavə, burunun duzlu su ilə yuyulması da yoluxma riskini azaldır və virusun miqdarını aşağı salır".
Yeri gəlmişkən, hər il insanların daha çox ünvanlandığı sual qrip peyvəndləri ilə bağlı olur. Qrip peyvəndləri mövsümi qripə qarşı ən əsas qoruyucu vasitə sayılır. Hər il Ümumdünya Səhiyyə Təşkilatı və beynəlxalq laboratoriyalar tərəfindən qrip viruslarının hansı ştamlarının daha çox yayıldığı izlənilir və ona uyğun yeni peyvənd tərkibi hazırlanır. Bu səbəbdən qrip peyvəndi hər mövsüm təzələnir və əvvəlki illərdə vurulan peyvənd növbəti il üçün kifayət qədər qoruyucu olmur. Qrip peyvəndi uşaqlar, hamilə qadınlar, yaşlılar, immun sistemi zəif olanlar və xroniki xəstəliyi (astma, şəkərli diabet, ürək-damar problemləri və s.) olan şəxslər üçün xüsusilə tövsiyə olunur. Sağlam insanlarda da peyvənd qripin ağırlaşmasının qarşısını alır və yoluxma riskini azaldır.
Hazırda dünyada respirator viruslar arasında əsasən qrip virusları, COVID-19-un yeni variantları və digər mövsümi infeksiyalar dominantlıq təşkil edir. Qrip virusları içində daha çox influenza A tipinə aid olan ştamlar geniş yayılıb.
COVID-19 virusunun yeni variantları da dünya üzrə izlənilir. Hazırda NB.1.8.1 variantı daha çox artım göstərir və qlobal yoluxmalarda təxminən 10 faizdən artıq paya malikdir. Bundan başqa, Omikron mənşəli rekombinant XEC variantı da sürətlə yayılan ştamlar sırasındadır. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, bəzi əvvəlki variantların yayılma tempi zəifləsə də, NB.1.8.1-in artması müşahidə olunur.
Mövsümi respirator infeksiyalar arasında respirator sinisial virusu (RSV) da xüsusilə uşaqlar və yaşlılar arasında təhlükəli olaraq qalır. Bəzi bölgələrdə yoluxmaların 30 faizdən çoxunu təşkil edir. Norovirus infeksiyaları da, xüsusən Böyük Britaniyada, qış mövsümündə iki dalğa ilə müşahidə olunub. İnsan metapnevmovirus (HMPV) isə Çində və bəzi başqa ölkələrdə müəyyən olunub, lakin yayılma miqyası qrip və ya RSV ilə müqayisədə daha aşağıdır.
“Quş qripi” virusları da diqqət mərkəzindədir. H5N1 ştamı bir çox ölkələrdə quşlar arasında geniş yayılıb, lakin hələ ki, insandan insana yoluxma qeydə alınmayıb. ABŞ-da isə quş fermalarında H5N9 adlı yeni ştamm aşkarlanıb. Bundan başqa, Çinin Yunnan əyalətində yarasalarda Hendra və Nipah viruslarına oxşar yeni henipaviruslar müəyyən edilib və bu da potensial zoonotik təhlükə kimi qiymətləndirilir.