Sağlamlıq
313
02 Sep 2025 | 23:25

"Heç nə etməməyin elmi əsaslandırılması: Bəzən beyin niyə dincəlməlidir?" - Alimlərdən açıqlama

"Nəzarətsiz diqqət stresi necə azaldır və idrak qabiliyyətini necə artırır?.."

Hər gün əsəblərimizi oyadan saysız-hesabsız xırda təsirlərlə üzləşirik. Xəbərlərə, elektron poçtlara və sosial şəbəkələrə 24 saatlıq çıxış imkanı bizləri fasiləsiz şəkildə ekranlara bağlayır.

Moderator.az xəbər verir ki, bu barədə "naukatv.ru" nəşri yazıb.

Böyük Britaniyanın Lankşir Universitetinin əhalinin sağlamlığı fakültəsinin böyük müəllimi Anna Kenyon "Conversation" nəşri üçün yazdığı məqalədə qeyd edir ki, çoxları daim lentləri aşağı sürüşdürərək növbəti dopamin və ya kortizol dalğasının axtarışına çıxır. Ancaq bu vərdişlər yalnız stresi gücləndirir, beynin isə əslində sadəcə istirahətə ehtiyacı var.

Zehni yorğunluğun təhlükəsi

Beyin bir müddət diqqəti yönləndirmədən qalmalıdır. Əgər siz özünüzə heç nəyə xüsusi fokuslanmadan sadəcə düşüncələrinizi sərbəst buraxmağa imkan versəniz, bu həm stresi azaldır, həm də idrak imkanlarını gücləndirir. Lakin göründüyü qədər asan deyil. Burada köməyə "diqqətin bərpası nəzəriyyəsi" gəlir. İlk baxışda sadəcə tənbəllik kimi görünən bu yanaşma əslində neyroelmi dəlillərlə təsdiqlənib.

1989-cu ildə psixoloqlar Reyçel və Stiven Kaplan bu nəzəriyyəni irəli sürüb. Onlar hesab edib ki, təbiətdə keçirilən vaxt diqqətin və konsentrasiyanın bərpasına kömək edir. Kaplanlar diqqəti iki yerə ayırıb: yönləndirilmiş diqqət (məsələn, dərs oxumaq, sosial şəbəkələrdə yazı izləmək) və yönləndirilməmiş diqqət, yəni xüsusi cəhd göstərmədən, təbii axarda diqqətin dolaşması. Məsələn, quşların səsini dinləyərək gəzinti zamanı.

Əks halda "diqqət yorğunluğu" və ya "zehni tükənmə" yaranır. Bu isə fokuslanmanı çətinləşdirir, diqqətimizi isə daha asan yayındırır. Müasir dövrdə smartfonların geniş yayılması beynin dincəlməsini daha da çətinləşdirir. Daimi, güclü stimullara çıxış imkanımız beynimizdə bərpa üçün boşluq qoymur.

Elmi dəlillər

Kaplanların nəzəriyyəsi göstərir ki, beynin "yenidən yüklənməsi" üçün anlar həyati əhəmiyyət daşıyır. Bu ideyanın kökləri XIX əsrə - psixoloq Uilyam Ceymsə gedib çıxır. O, "iradi diqqət" anlayışını formalaşdırıb və bu, ciddi zehni səy tələb edib. O dövrün romantik hərəkatı da təbiəti tərənnüm edib və onun müalicəvi gücünə inanıb.

Bu romantik ideyalar illər sonra elmi araşdırmalarla təsdiqlənib. Təbiətdə vaxt keçirməyin stresi azaltdığı, diqqəti və idrak qabiliyyətini yaxşılaşdırdığı, psixi sağlamlığa müsbət təsir etdiyi sübut olunub. Neyroelm də bu təsirləri təsdiqləyir: açıq havada streslə əlaqəli badamcıq bədənin (amiqdala) aktivliyi azalır. Bir çox tədqiqatlarda təbiətlə təmasın diqqəti gücləndirdiyi də müşahidə olunub.

Məsələn, neyroizləmə texnologiyası ilə aparılan təsadüfi seçməli tədqiqatda təbiətdə gəzən böyüklərin stres səviyyəsinin şəhərdə gəzənlərlə müqayisədə daha aşağı olduğu ortaya çıxıb. Hətta 10 dəqiqəlik yönləndirilməmiş diqqət belə idrak testlərinin nəticələrini yaxşılaşdırır və diqqət yorğunluğunu azaldır. Təbiət mənzərəsinə baxaraq qaçış yolunda gəzinti də eyni təsir yarada bilir.

Beynin "texniki xidməti"

Diqqətin bərpası nəzəriyyəsini gündəlik həyatda tətbiq etmək mümkündür. Bunun üçün sadəcə bir yaşıl məkan - park, çay kənarı və ya meşə cığırı tapmaq kifayətdir. Telefonu və digər yayındırıcı vasitələri kənara qoyun.

Hətta günün darıxdırıcı anlarında telefona sarılmaq əvəzinə sadəcə beyninizə sərbəst dolaşmaq imkanı verin. Əgər beyniniz yenidən ciddi tapşırıqlara qayıdacaq qədər rahatdırsa, deməli, yeni bir dincəlmə məkanı tapmağın vaxtıdır.

Bəzən bir çəmənlikdə üzərində bəzəkli kəpənəyi izləmək, bəzən isə vəhşi təbiət parkını ziyarət etmək kifayətdir. Əsas odur ki, diqqətinizi sərbəst buraxın. Bu, tənbəllik deyil, beynin zəruri "texniki baxımıdır".

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər