Bizi sosial şəbəkələrdən izləyin:
Son günlərdə havaların qəfil dəyişməsi həm fiziki, həm də emosional olaraq insan orqanizmini sınağa çəkir. Yazın gəlişi ilə hava temperaturunun yüksəlməsi, xüsusən yaşlılar və xəstəlikdən əziyyət çəkənlər üçün risk faktorunu artırır. Belə şəraitlərdə, qan dövranı sistemindəki dəyişikliklər daha çox hiss olunur, bu da qan təzyiqinin yüksəlməsi, ürəkbulanma və damar problemlərinin meydana gəlməsi kimi hallar ilə nəticələnə bilər.
Bu barədə Moderator.az-a danışan terapevt Etibar Süleymanov deyir ki, havanın kəskin dəyişməsi və tez-tez isti ilə soyuğun bir arada olması, xüsusilə meteohəssas insanlara ciddi təsir göstərir:
“Meteohəssas insanlar, hava şəraitindəki dəyişikliklərə qarşı həssas olan şəxslərdir. Bu qrupa əsasən, qan təzyiqi olan, ürək-damar sistemi xəstəlikləri, sinir sistemi problemləri olan şəxslər daxildir. Onlar, hava sürətindəki dəyişikliklərə görə daha çox təsirlənirlər. Belə hallarda, qan təzyiqində dalğalanmalar (bəzən təzyiqin yüksəlməsi, bəzən isə düşməsi), baş ağrıları, halsızlıq və yorğunluq kimi əlamətlər ortaya çıxır. Bundan əlavə, havanın dəyişməsi insanın geyim seçimində problemlərə səbəb ola bilər. Məsələn, hava isti olduqda nazik geyinən şəxs, qəflətən yağan yağış və ya soyuyan hava səbəbindən soyuqlaya bilər. Bu, kəskin respirator xəstəliklərin yaranmasına səbəb ola bilər, çünki bədən havanın dəyişməsinə tez adaptasiya ola bilmir.
Yaz aylarında, xüsusən də mövsümi keçid dövründə, bir sıra xəstəliklər kəskinləşir. Bu dövr, allergik xəstəliklərin, mədə-bağırsaq problemlərinin daha çox müşahidə olunduğu bir zamandır. Yazın gəlib çatan ağac çiçəklənməsi və yarpaqlanması ilə bağlı olaraq allergik xəstəliklər də aktivləşir. Allergiya xəstəliyi olan şəxslər, xüsusən də allergik rinit və rinofaringitdən əziyyət çəkənlər, bu dönəmdə təbiət amilinə görə daha çox problemlə qarşılaşırlar. Bu cür insanlara maska taxmaq tövsiyə olunur, çünki bu, allergenlərin orqanizmə ziyan verməsini azaldar. Havanın kəskin dəyişməsinin və təbiət dəyişikliklərinin insan sağlamlığına təsiri çox böyükdür”.
Mehin Mehmanqızı