Bizi sosial şəbəkələrdən izləyin:
Avstraliyada ürək çatışmazlığından müalicə alan xəstə süni ürəklə 100 gün yaşayıb.
Bu dünya tibb tarixində ilk dəfə baş verib.
Belə ki, 2024-cü ilin noyabrında 40 yaşlarında olan şəxsə 6 saatlıq əməliyyatla "BiVACOR" süni ürək transplantasiya edilib. Əvvəlki ABŞ sınaqlarında bu texnologiya ilə müalicə olunan xəstələr adətən 27 gün ərzində donor ürək alırdı. Lakin, Avstraliyadakı xəstə 100 gün süni ürəklə yaşayıb.
Sidneydə keçirilən uğurlu əməliyyatdan sonra xəstə donordan real ürək transplantasiyası ilə sağlığına qovuşub.
Əməliyyatı həyata keçirən cərrah Prof. Paul Jansz bu tibbi uğuru "illərdir üzərində çalışdıqları bir xəyalın reallaşması" kimi qiymətləndirib, Prof. Chris Hayward isə BiVACOR-un ürək çatışmazlığının müalicəsində beynəlxalq inqilab yaradacağını bildirib.
Qeyd edək ki, "BiVACOR" adlanan süni ürək Avstraliyanın Queensland əyalətindəki Dr. Daniel Timms tərəfindən hazırlanıb və dünyada ilk implantasiya edilə bilən fırlanan qan pompasıdır. Bu cihaz maqnit levitasiya texnologiyası ilə işləyərək, sağlam insan ürəyinin qan axışını təqlid edir və inkişaf etmiş ürək çatışmazlığı olan xəstələr üçün "körpü müalicəsi" olaraq nəzərdə tutulub.
Dünyada hər il 23 milyondan çox insan ürək çatışmazlığı ilə mübarizə apararkən, yalnız 6 min nəfər uyğun donor ürək tapır. "BiVACOR" orqan donorluğuna alternativ bir həll olaraq diqqət çəkir. Avstraliya hökuməti bu texnologiyanın inkişafı və kommersiyalaşdırılması üçün 50 milyon dollar dəyərində dəstək proqramı başlatmışdır.(milli.az)