İftardan sonra bədənimizdə ağırlıq niyə yaranır? - Ən çox edilən səhvlər
Sağlamlıq
452
12:35, Bu gün

İftardan sonra bədənimizdə ağırlıq niyə yaranır? - Ən çox edilən səhvlər

Ramazan ayında oruc tutmaq təkcə mənəvi bir ibadət deyil, həm də sağlamlıq üçün faydalı hesab edilir. Uzun saatlar ac və susuz qalan bədən iftar zamanı qidalanaraq enerjisini bərpa edir. Lakin bəzi insanlar oruc açdıqdan sonra gözlədiklərinin əksinə olaraq, özlərini daha yorğun və ağır hiss edirlər. Bu hal nə ilə bağlıdır?
Moderator.az-a danışan dietaterapevt Elvira Ağabəyzadə deyir ki,iftardan sonra bədənimizə ağırlıq çökməsinin əsas səbəblərindən biri qidaya emosional yanaşmamızdır. 
Onun sözlərinə görə, uzun müddət ac qaldıqdan sonra yeməyə qarşı nəzarətsiz davranırıq və düzgün qidalanma mərhələsinə diqqət yetirmədən birbaşa yeməyə başlayırıq:
“Bu isə həzm sisteminə əlavə yük düşməsinə və bədəndə yorğunluq hissinin yaranmasına səbəb olur.İftardan sonra ağırlıq hiss etməmək üçün qidalanmanı mərhələli şəkildə aparmaq lazımdır:
Orucu su ilə açın – İlk növbədə bədəni su ilə təmin etmək vacibdir.
İbadətə zaman ayırın – Namaz qılmaq və ya bir neçə dəqiqə gözləmək həzm sisteminin yeməyə hazırlaşmasına kömək edəcək.
Yüngül qidalarla başlayın – İlk mərhələdə sup və ya yüngül qidalar qəbul etmək həzmi rahatlaşdırır.
Ana yeməyə keçid üçün vaxt ayırın – Sup içdikdən sonra ən azı 15 dəqiqə gözləmək lazımdır ki, mədə tam dolmadan doyma siqnalı beyinə çatsın.
Porsiya ölçüsünə nəzarət edin – Çox yemək həm həzmi çətinləşdirir, həm də sahura qalxmağı çətinləşdirə bilər.
Digər bir səhv isə iftardan sahura qədər oyaq qalmaq və gün ərzində yatmaqdır. Belə olan halda, bədəndə stress hormonu (kortizol) yüksəlir və bu da iştahı artırır. Bunun qarşısını almaq üçün yuxu rejimini tənzimləmək və iftardan sonra ağır qidalardan çəkinmək lazımdır”.
Dietaterapevt vurğulayıb ki, oruc zamanı uzun müddət aclıq və susuzluq bədəndə halsızlıq, baş ağrısı və yorğunluq yarada bilər:
 “Bu problemlərin qarşısını almaq üçün bəzi vacib qida əlavələri və düzgün qidalanma vərdişləri tətbiq edilməlidir. Səhər sahurda Omeqa-3 qəbul etmək qan dövranını yaxşılaşdırır və beyinə oksigenin çatdırılmasını artırır. Xüsusilə artıq çəkisi olan və ya qan şəkəri tez-tez dəyişən insanlar üçün Omeqa-3 faydalıdır. Maqneziumun müxtəlif növləri var. Axşam saatlarında qəbul edilən maqnezium əzələləri rahatlaşdırır, stressi azaldır və yuxu keyfiyyətini yaxşılaşdırır. Eyni zamanda, melisa və ya ramaşka çayı içmək sinir sistemini sakitləşdirir və baş ağrılarının qarşısını alır. Bir çox insan sahura qalxa bilməyəcəyindən qorxaraq gecə oyaq qalır. Bu, yuxu rejiminin pozulmasına və baş ağrılarına səbəb olur. İftardan sonra aşırı qida qəbul etmək də orqanizmi yükləyir. Ona görə də sahurdan sonra mütləq yatmaq lazımdır. Şəkərli içkilər qısa müddətli enerji versə də, uzunmüddətli toxluq hissi yaratmır və qan şəkərinin sürətli dəyişməsinə səbəb olur. Bunun əvəzinə gec həzm olunan karbohidratları qəbul etmək lazımdır ki, uzun müddət tox qala bilək. Sahurda və iftarda probiotik qidalar (qatıq, kefir) qəbul etmək həzmi asanlaşdırır və bağırsaq mikroflorasını qoruyur. Əgər sahurdan sonra yatacaqsınızsa, ağır yeməklərdən uzaq durmaq lazımdır ki, mədə rahat işləsin”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər