Həkim deyir ki, təhlükə həmişə var: “Acı təcrübə göstərir ki...”
Çin virusoloqları COVİD-19-a bənzər və insanlara ötürülə bilən yeni yarasa koronavirusu müəyyən ediblər. Bu barədə “South China Morning Post” xəbər yayıb. Nəşrin məlumatına görə, bu, ilk dəfə Honq-Konqda yapon yarasasında aşkar edilmiş HKU 5 koronavirusunun yeni xəttidir. Tədqiqat Quançjoudakı Çin Elmlər Akademiyası, Uhan Universiteti və Uhan Virusologiya İnstitutunun mütəxəssisləri tərəfindən Quançjou laboratoriyasında aparılıb.
Alimlər yarasa nümunələrindən təcrid olunmuş virusun insan hüceyrələrini yoluxdurmaq qabiliyyətinə malik olduğunu müəyyən ediblər. Lakin ekspertlər hələlik panikaya əsas olmadığını vurğulayırlar. HKU 5-CoV-2-nin insanlar arasında yayılma riskini kiçiltməmək şərtilə təhlükəni daha dəqiq qiymətləndirmək üçün əlavə tədqiqatlara ehtiyac olduğu deyilir. Ümumdünya Səhiyyə Təşkilatından isə bildirilib ki, Çində yarasalarda aşkar edilən HKU 5 koronavirusu ilə bağlı hələlik heç bir əlavə məlumat alınmayıb. Yeni koronavirus nə dərəcədə ciddidir, pandemiya ehtimalı varmı?
Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, yeni pandemiyanın olacağı ilə bağlı informasiyalar son dövrlər olduqca çox yayılmaqdadır: “Bunun bir sıra səbəbləri var. Viruslar həmişə olub. Düzdür, son zamanlar müxtəlif səbəblərdən bu viruslar çoxalıb, müxtəlif ştamlar meydana çıxıb. Bunların süni şəkildə artımı və fərqliliyi üçün həm də insanlıq tərəfindən bilərəkdən və ya bilməyərəkdən aparılan tədqiqatların təsirləri var. Bütün bunlar, xüsusən də COVİD pandemiyasının ortada olması, bütövlükdə dünyanın və insanlığın bu məsələyə bir qədər həssas, hətta nevrotik, bir az daha panik yanaşmasını ortaya qoyub. Real vəziyyət bundan ibarətdir. Həm də obyektiv olmağa çalışsaq, virus təhlükəsi həmişə olduğu kimi yenə var və hətta daha artıqdır. COVİD dövründə müxtəlif təcrübələr yaşandı. Yaşanan bu təcrübələr virusların aşkarlanması istiqamətində məlumatları artırdı. Ümumiyyətlə, viruslarla bağlı həddən artıq informasiyanı cəmiyyətdə çoxaltdı. Bunun həm faydalı, həm də zərərli tərəflərinin olduğunu qeyd etməliyik. Bundan əlavə, virusologiya sahəsindəki tədqiqatların daha da dərinləşməsinə imkan yarandı. Farmakoloji vasitələrlə aparılan müalicələrin və digər müalicə metodlarının daha dərin tədqiqini ortaya qoydu. Eyni zamanda yeni virusların aşkarlanmasının böyük bir maliyyə tələb etdiyini bilmiş olduq. İkincisi, farmakoterapiyanın özü olduqca böyük və yenə də qlobal səviyyədə maliyyə tələb edən bir sahədir. Üçüncü bir tərəfdən, viruslarla bağlı olan informasiyaların və yaxud bu situasiyanın idarə olunmasının həm də bioloji silah nöqteyi-nəzərindən baxsaq, bir siyasi təsir vasitəsi olduğunu görə bilirik. Ona görə də düşünmək olar ki, əslində pandemik təhlükələrlə bağlı gözlənilən manipulyasiyalar, təhdidlər zaman-zaman çoxala bilər, yaxud da süni şəkildə bu virusların yoluxdurulması, cəmiyyəti təhlükədə saxlaması üçün müəyyən qüvvələrin bundan istifadə etmək ehtimalları da istisna edilmir”.
Həkim əlavə edib ki, COVİD-dən gördüyümüz acı təcrübə göstərir ki, yanlış tədqiqatlar aparılarsa və ya tədqiqat laboratoriyalarında olan təhlükəsizlik rejimlərinə normal şəkildə əməl olunmazsa, bu virus da Uhan təcrübəsindəki kimi çox qısa zamanda lokal ərazilərə keçib epidemiyalara, hətta pandemiyalara səbəb ola bilər və insanlıq üçün ciddi yaşam təhlükəsi yarada bilər: “Biz kifayət qədər maariflənmişik və ən azı müəyyən qədər özümüzü qorumalıyıq. Mümkün qədər, xəstəliyi bildiyimiz halda insanlardan uzaq durmağa çalışmalıyıq, immun sistemini gücləndirmək, yəni idman hərəkətləri etmək, müxtəlif vitaminlərin qəbuluna, qidalanmaya, yuxu rejiminə riayət etmək, eyni zamanda təbii ki, temperaturu olan, xəstəlik ehtimalı olan insanlardan bir qədər uzaq durmaq, antiseptik və aseptik vasitələrdən istifadə etmək, məsafə saxlamaq, maska və s. istifadə etmək lazımdır.
İkinci tədbir isə dövlət səviyyəsində görülən tədbirlərdir. Bunlarla bağlı Səhiyyə Nazirliyinin və digər müvafiq qurumların uyğun təlimatları və s. mövcuddur və bunlar da getdikcə təkmilləşməlidir. Üçüncü səviyyə isə ÜST tərəfindən tənzimlənə biləcək, dövlətlər səviyyəsində, dövlətlərarası münasibətlər səviyyəsində bu işlərə veriləcək müsbət töhfədir. Yəni, bu şəkildə prosesin davam etməsi lazım olacaq və bu istiqamətdə təhlükəsizlik tədbirlərinin daha da təkmilləşməsinə ehtiyac var".
Yeri gəlmişkən, ABŞ dövlət katibi Marko Rubio COVİD-19 virusunun Çinin Uhan şəhərindəki bir laboratoriyadan sızdığı və bu səbəbdən bütün dünyaya yayıldığı barədə öz nəzəriyyəsini açıqlayıb. Rubio bildirib ki, virusa Çin laboratoriyasının içində “oynayan” birinin yoluxduğu və daha sonra Çində və bütün dünyada yayıldığı ehtimal olunur.