Bizi sosial şəbəkələrdən izləyin:
2024-cü il ərzində AEM tərəfindən ölkənin 44 regionunda 163 planlı yoxlama keçirilib, nəticədə müxtəlif qanun pozuntuları aşkarlanıb və 55 protokol tərtib edilərək növbəti icraata göndərilib.
Bu barədə Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, eyni müddətdə ölkənin 29 regionunda 151 plandankənar yoxlama keçirilib, müxtəlif qanun pozuntularına görə 67 protokol tərtib edilərək növbəti icraata göndərilib.
Qeyd edilib ki, aşkar edilən qanun pozuntularına görə İnzibati Xətalar Məcəlləsinin əsasən aşağıdakı maddələrinə uyğun protokollar tərtib edilib:
"210.1 - Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə, fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.
215.1 - Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manata qədər, hüquq şəxslər altı min manatdan səkkiz min manata qədər cərimə edilmə edilir.
215.3 - İxtisaslaşdırılmış tibbi yardımın "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada göstərilməməsinə görə, beş yüz manat məbləğində cərimə edilir.
215.4 - Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir",- məlumatda qeyd edilib.
Milli.Az