"Sağlamlığınıza diqqətlə yanaşsanız və vaxtında tədbir görsəniz, insultun qarşısımı almaq mümkündür..."
Həkimlər dərhal tibbi yardım tələb edən simptomları açıqlayıb...
İnsult beyi qan dövranının ciddi pozulmasıdır və ağır fəsadlara səbəb ola bilər. Bir çox insan insultun qəfil baş verdiyini düşünür, lakin əslində, orqanizm tez-tez əvvəlcədən xəbərdaredici siqnallar göndərir.
Moderator.az xəbər verir ki, bu barədə "Verywellhealth" nəşri yazıb.
Əgər bu əlamətləri vaxtında aşkar edib tədbir görsəniz, bu vəziyyətin qarşısını almaq və ya onun nəticələrini minimuma endirmək mümkündür.
İnsult nə üçün baş verir?
İnsultun əsas səbəbi beyində qan axınının pozulmasıdır. Bunun iki əsas mexanizmi var:
İşemik insult- qan damarlarını bağlayan trombların yaranması nəticəsində baş verir.
Hemorragik insult- damarın partlaması və beyinə qan sızması nəticəsində yaranır.
İnsult ölüm səbəbləri arasında üçüncü yerdədir. Üstəlik, geniş yayılmış fikrin əksinə olaraq, təkcə yaşlı insanları deyil, gəncləri də təsirləndirə bilər. Xüsusilə hipertoniya, diabet, piylənmə və passiv həyat tərzi kimi risk amilləri olduqda, bu təhlükə artır.
İnsultun erkən simptomları
Görmə problemləri
İnsult gözlənilmədən görmənin zəifləməsi, bulanıqlıq, ikiqat görmə və ya qismən görmə itkisi ilə özünü göstərə bilər. Bu dəyişikliklər bir və ya hər iki gözü əhatə edə bilər.
Kəskin baş ağrıları və başgicəllənmə
Səbəbsiz yaranan şiddətli baş ağrısı, xüsusilə ürəkbulanma və qusma ilə müşayiət olunursa, insultun xəbərçisi ola bilər. 45 yaşdan aşağı qadınlarda baş verən başgicəllənmə də təhlükəli ola bilər.
Nitq və anlama problemləri
Əgər insan birdən sözləri qarışdırmağa, fikirlərini ifadə edə bilməməyə və ya başqalarının dediklərini anlamamağa başlayırsa, bu, xəbərdaredici siqnaldır.
Koordinasiyanın itməsi və ətraflarda zəiflik
İnsult zamanı insan qol və ayaqlarında qəfil keyləşmə və ya zəiflik hiss edə bilər. Bu, xüsusilə bədənin bir tərəfində baş verirsə, ciddi xəbərdarlıqdır. Sadə bir test: insandan hər iki əlini qaldırmasını istəyin, əgər biri aşağı düşürsə, bu insult əlaməti ola bilər.
Üz və ya bədənin bir tərəfində ağrı
İnsult həmişə ağrı ilə müşayiət olunmasa da, bəzi insanlar əllərdə, ayaqlarda və ya üzün bir tərəfində sancma və ya narahatlıq hiss edirlər.
Güclü yorğunluq və zehni çaşqınlıq
Qadınlar insultdan əvvəl tez-tez əsassız yorğunluq, diqqət dağınıqlığı və oriyentasiyanın pozulması yaşayır.
Təngnəfəslik və ürək döyüntüsündə problemlər
İnsult beynin tənəffüs mərkəzinə təsir edərək nəfəs darlığına səbəb ola bilər. Bu, xüsusilə qadınlarda müşahidə olunur. Ürək ritmində pozğunluqlar da mümkündür.
İnsult simptomları zamanı nə etməli?
İnsultdan şübhələndikdə dərhal hərəkət etmək vacibdir. FAST metodundan istifadə edin:
F (Face- Üz): İnsandan gülümsəməsini istəyin. Əgər üzünün bir tərəfi aşağı düşürsə, bu, təhlükəli əlamətdir.
A (Arms- Qollar): İnsandan hər iki əlini qaldırmasını xahiş edin. Əgər bir əli zəifdirsə və ya tərpənmirsə, dərhal tədbir görmək lazımdır.
S (Speech-Nitq): Sadə bir ifadəni təkrarlamasını istəyin. Əgər çətinlik çəkirsə və ya nitqi aydın deyilsə, bu insult əlaməti ola bilər.
T (Time- Vaxt): Vaxt qızıldır! Dərhal təcili yardım çağırın.
İnsult riskini necə azaltmaq olar?
İnsultun qarşısını almaq onu müalicə etməkdən daha asandır. Riskləri minimuma endirmək üçün aşağıdakı qaydalara əməl edin:
- Qan təzyiqini normada saxlayın.
- Qanda şəkər və xolesterin səviyyəsini nəzarətdə saxlayın.
- Fiziki aktiv olun, mütəmadi idmanla məşğul olun.
- Düzgün qidalanın- duz, şəkər və trans yağları azaldın.
- Siqaretdən və alkoqoldan imtina edin.
- Çəkinizi normada saxlayın, piylənmədən çəkinin.
- Yetərli dərəcədə yatın, çünki yuxusuzluq ürək-damar xəstəlikləri riskini artırır.
Unutmayın: Əgər sağlamlığınıza diqqətlə yanaşsanız və vaxtında tədbir görsəniz, insultun qarşısını almaq mümkündür!