Son illərdə xərçəng xəstəliklərinin, xüsusilə də süd vəzi xərçənginin yayılması cəmiyyət üçün ciddi narahatlıq doğurur. Ümumdünya Səhiyyə Təşkilatı 2050-ci ilə qədər xərçəng xəstəliyinin hər il 35 milyona çatacağını proqnozlaşdırır. Bildirilir ki, 2022-ci ildə 20 milyon yeni xərçəng hadisəsi və 9,7 milyon ölüm olub. Eyni zamanda, diaqnozdan 5 il sonra sağ qalanların sayı 53,5 milyon nəfər olub. Mütəxəssislər 2050-ci ildə 35 milyondan çox yeni xərçəng hadisəsinin olacağını proqnozlaşdırırlar ki, bu da 2022-ci ilə nisbətən 77% çoxdur. Xəstəliyin artmasında əsas amil kimi tütün məhsulları, alkoqol, piylənmə və havanın çirklənməsi göstərilir. Rəsmi statistikalar və həkimlərin müşahidələri bu xəstəliyin getdikcə daha çox qadına təsir etdiyini göstərir. Xüsusilə erkən diaqnoz və müalicə imkanları barədə məlumatlılığın yetərsiz olması, bir çox hallarda xəstəliyin gec mərhələdə aşkar edilməsinə və müalicənin çətinləşməsinə səbəb olur. Süd vəzi xərçəngi yalnız fərdi bir problem deyil, həm də sosial bir çağırışdır. Sağlam həyat tərzi, müntəzəm tibbi müayinələr və effektiv müalicə metodları bu xəstəliklə mübarizədə əsas silahlarımızdır. Bəs, bu xəstəliyin artma səbəbləri nədir? Risk faktorları hansılardır?
Bu barədə Moderator.az-a danışan Fitoterapevt Fuad Mahmudov deyir ki, xərçəngin, xüsusilə də süd vəzi xərçənginin yaranmasının tək bir səbəbi yoxdur. Bu xəstəliyin ortaya çıxmasına müxtəlif amillər təsir edir:
“Ümumiyyətlə, xərçəngin Azərbaycanda həddindən artıq geniş yayıldığını iddia etmək düzgün olmazdı. Çünki bu xəstəlik təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində ciddi bir sağlamlıq problemi olaraq qalır. Lakin bəzi ölkələrdə, xüsusilə Avropanın inkişaf etmiş dövlətlərində – məsələn, Lüksemburq və Lixtenşteyndə insanlar uzun ömür sürür, çoxu 85-90 yaşına qədər yaşayır. Bunun əsas səbəblərindən biri isə gündəlik stress səviyyəsinin aşağı olmasıdır. Stress faktoru bədənin immun sisteminə güclü təsir edir və müxtəlif xəstəliklərin, o cümlədən xərçəngin yaranmasına zəmin yarada bilər.
Digər mühüm amillərdən biri qida məhsullarının keyfiyyətidir. Azərbaycanda böyük supermarketlərdə satılan məhsulların keyfiyyəti və mənşəyi ilə bağlı şübhələr var. İnsanların gündəlik qəbul etdiyi qidalar onların sağlamlığına birbaşa təsir göstərir. Bununla yanaşı, hava çirkliliyi və suyun keyfiyyəti də mühüm rol oynayır. Ölkədə dərman sənayesinin vəziyyəti də xərçəngin və digər xəstəliklərin yayılmasına təsir edən amillər arasındadır. Televiziyalarda və mütəxəssislər tərəfindən dəfələrlə qeyd edildiyi kimi, Azərbaycanda xaricdən gətirilən dərmanların keyfiyyəti bəzən olduqca aşağı olur və yüksək qiymətə satılır. İnsan sağlamlığı bu qədər keyfiyyətsiz qida, su, hava və dərmanların təsiri altında qalırsa, müxtəlif xəstəliklərin, o cümlədən xərçəngin artması qaçılmazdır.Axı, insan kövrəkdir, daşdan, poladan deyil. Nə qədər insan üzərində sınaq aparmaq olar?”.
F.Mahmudov əlavə edib ki, süd vəzi xərçəngi əsasən gənc və orta yaşlı qadınlarda daha çox rast gəlinir:
“Yaşlı qadınlarda isə bu xəstəliyin yaranma ehtimalı nisbətən aşağı olur. Bunun səbəbi, yaşlı qadınlarda hormonal fəaliyyətin azalması və bədənin artıq inkişaf dövrünü keçməsidir. Bununla belə, digər orqanlarda xərçəng yaranma riski yaş artdıqca yüksələ bilər.
Bu xəstəliyin yaranmasına təsir edən bir neçə əsas faktor var:
Stress Faktoru
Stress, insan sağlamlığına mənfi təsir göstərən əsas amillərdən biridir. Gündəlik həyatın gərginliyi, emosional problemlər və psixoloji təzyiqlər immun sistemini zəiflədir, orqanizmin xəstəliklərə qarşı müqavimətini azaldır və xərçəngin yaranması üçün münbit şərait yaradır.
Qidalanma və Yaşam Tərzi
Süd vəzi xərçənginin yaranmasında qidalanmanın rolu böyükdür. Fast-food, işlənmiş və konservantlarla zəngin qidalar, hormon tərkibli ət və süd məhsulları, qeyri-sağlam yağlar bədənin hormonal balansına mənfi təsir edir və xərçəngin yaranma ehtimalını artırır. Sağlam və təbii qidalara üstünlük vermək xəstəlik riskini azalda bilər.
Şəxsi Gigiyena və Özünə Qulluq
Qadınların şəxsi gigiyenasına düzgün riayət etməməsi də süd vəzi xəstəliklərinə səbəb ola bilər. Xüsusilə qolaltı dezodorantlar və digər kimyəvi maddələr ehtiva edən bədən baxımı vasitələrinin tərkibi mübahisəli məsələlərdəndir. Bəzi tədqiqatlara görə, bu maddələr limfa düyünlərinə və süd vəziləri ətrafındakı toxumalara mənfi təsir edə bilər. Bunun qarşısını almaq üçün təbii və kimyəvi qatqısız məhsullardan istifadə etmək tövsiyə edilir.
Maarifləndirmənin Aşağı Səviyyədə Olması
Azərbaycanda şəxsi gigiyena, sağlamlıq və profilaktik tədbirlərlə bağlı maarifləndirmə səviyyəsi hələ də kifayət qədər yüksək deyil. Məktəblərdə və ailə daxilində uşaqlara öz sağlamlıqlarına düzgün qulluq etməyi öyrətmək vacibdir. Bu, cinsi sağlamlıq, düzgün qidalanma və şəxsi gigiyena qaydalarını əhatə etməlidir.
Sosial və Mənəvi Dəyərlərin Pozulması
Cəmiyyətin mənəvi və sosial dəyərlərində baş verən dəyişikliklər də sağlamlıq problemlərinin artmasına səbəb ola bilər. Məsələn, fahişəliyin və məsuliyyətsiz həyat tərzinin yayılması təkcə onkoloji xəstəliklər deyil, həm də müxtəlif cinsi yolla keçən və digər ağır xəstəliklərin yayılmasına gətirib çıxarır”.
Tibb üzrə fəsəfə doktoru, onkoloq Fərid Musabəyov qeyd edir ki, xərçəng xəstəliyi təkcə Azərbaycanda deyil, bütün dünyada geniş yayılmaqdadır:
“Xərçəngin bütün növləri - tək süd vəzi xərçəngi deyil, ağciyər xərçəngi, kolon xərçəngi, mədə xərçəngi yayılmaqdadır. Qadınlar arasında son zamanlar süd vəzi xərçəngi daha geniş vüsət almışdır. Son illərdə süd vəzi xərçəngi təkcə inkişaf etmiş ölkələrdə deyil, həm də inkişaf etməkdə olan ölkələrdə daha çox yayılmağa başlayıb. Bunun bir sıra əsas səbəbləri var:
Artıq Çəki və Hormonal Dəyişikliklər
Piylənmə və hormonal balansın pozulması süd vəzi xərçəngi riskini artırır. Artıq çəki östrojen hormonunun səviyyəsini yüksəldir ki, bu da süd vəzi toxumalarına mənfi təsir göstərir.
İrsi və Genetik Faktorlar
Əgər ailədə süd vəzi xərçəngi olubsa, həmin qadının bu xəstəliyə tutulma ehtimalı daha yüksəkdir. Genetik faktorlar mühüm rol oynayır və mütəmadi tibbi müayinə bu riski azaltmağa kömək edə bilər.
Uşaq Sayının Az Olması və Ana Südü ilə Qidalandırmamaq
Tədqiqatlar göstərir ki, ana südü vermək süd vəzi xərçəngi riskini azaldır. Qadınların gec yaşda ana olması və ya ümumiyyətlə uşaq sayının azalması bu xəstəliyin yayılmasına səbəb olan amillərdən biridir.
Süd Vəzilərinə Travmalar
Qadınların estetik baxımdan gözəl görünmək üçün dar büsthalterlərdən istifadə etməsi süd vəzilərinə təzyiq göstərir və travmalar yaradır. Bu isə toxumalarda dəyişikliklərə səbəb ola bilər ki, nəticədə xərçəng riski artır.
Son illərdə Azərbaycanda qadınlar arasında alkoqol, tütün məhsulları və elektron siqaretlərdən istifadənin artması süd vəzi xərçənginin daha geniş yayılmasına səbəb olan amillərdən biridir. Əvvəllər siqaret və tütün məmulatlarından daha çox kişilər istifadə edirdisə, indi bu tendensiya qadınlar arasında da yayılmaqdadır. Tütün və alkoqolun təsiri hormonal balansı pozur, immun sistemini zəiflədir və xərçəng riskini artırır.
Bundan əlavə, qolaltı dezodorantlardan istifadə də müzakirə olunan risk faktorları sırasındadır. Bu məhsulların tərkibində, xüsusilə, alüminium birləşmələrinin olması onların orqanizmə mənfi təsir göstərməsi ilə bağlı narahatlıqlar yaradır. Ağır metalların bədəndə yığılması süd vəzi toxumalarına təsir edərək xəstəliyin yaranma riskini artıra bilər”.
Mehin Mehmanqızı