“Son vaxtlar “Viral” infeksiyaya yoluxmada kəskin artım müşahidə olunur. Bu hal, Mənim hələ 5 iyun 2023-cü ildə etdiyim xəbərdarlığın birbaşa təsdiqidir. O zaman qeyd etmişdim ki, elmi təhlil, DNT və ya RNT əsaslı epidemik xarakterli viral infeksiyanın növbəti dalğasının 2024-cü ilin payızın son, daha böyük ehtimalla isə, 2025-ci ilin ilk (yanvar-fevral) aylarına təsadüf edəcəyini mütləq şəkildə təsdiq edir”.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru Musa Qəniyev bildirib.
O qeyd edib ki, ötən ilin dekabr ayından başlayaraq öskürək, yüksək temperatur, “kataral vəziyyət”, səsin tutulması, halsızlıq, bütün bədəni bürüyən ağrı ilə müşahidə olunan “Viral” infeksiya əksəriyyət evin, ailənin arzuolunmaz qonağıdır.
Həkimin sözlərinə görə, bununla bağlı kəskin bronxit və pnevmoniya kimi ağırlaşmalar artıb: “Həmvətənlərimizi ən çox narahat edən, son günlər Çində eyni klinik simptomlar verən yeni bir virusun – metapnevmovirusun epidemik xarakterli artımı və bunun ölkəmiz də daxil olmaqla, dünyaya yayılaraq yeni bir pandemiyaya səbəb olma qorxusudur. Digər xüsusi narahatlığa səbəb olan hal isə, dekabr ayının sonunda Tayvanda Money UDN nəşrində bu virusunun letallıq əmsalının 43%-ə yaxın olması haqqında söylənilən iddiadır. Rəsmi mənbələrdə ölkəmizdə bu virusa yoluxmanın qeydə alınmadığı bildirilir. Əvvəla unutmamalıyıq ki, biz sərhədlərin şəffaflaşdığı qloballaşan bir dünyada yaşayırıq. Odur ki, “dünən” dünyanın istənilən bir nöqtəsində hər hansı bir “Viral” infeksiyaya yoluxma halı baş veribsə, “sabah” onun bizim ölkəmizə və ya dünyanın istənilən yerinə daşına biləcəyi tamamilə reallıqdır. Bu səbəbdən də, bu və ya digər infeksiya qonşu ölkələrdə var, hələ bizim ölkəmizdə yoxdur və ya olmayacaq deyimi, tamamilə absurddur”.
Professorun xəbərdarlığı TƏSDİQİNİ TAPDI: Kütləvi yayılan virusdan qorunmaq üçün... - FOTO
Professor M.Qəniyev deyib ki, metapnevmovirus heç də söylənildiyi kimi yeni bir virus deyil: “Hazırda tənəffüs yolu infeksiyası törədə bilən və ümumi sayı 200-dən artıq olan virus ailəsi üzvlərindən biridir. Bizimlə 2001-ci ildə, yəni, Niderlanda 28 nəfər uşağın bu virusa yoluxduğu tarixdən deyil, 1959-cu ildən, yəni düz 65 ildir ki, yol yoldaşıdır. İki genotip (A və B) və hər birinin iki subtipi olan bu virus, dünyanın hər yerində vardır. Cinsindən və irqindən asılı olmayaraq, insanlar arasında bu virusa yoluxma daima baş verib və verir. Yoluxmada fəsli sıçrayışlara gəlincə isə, bu təbii və qanunauyğun bir haldır. Virusun genom quruluşunda istər nöqtə, istərsə də xromosom parçalarının ayrılması kimi daha ciddi mutasiyalar, mövcudluğu tarixindən müşahidə edilməyib. Virusun genom quruluşunda nukleinlərin sıralanma ardıcıllığı isə, təqribən 43% nisbətində eyni ailədən olan respirator – sinsitial viruslarda (tənəffüs yolu infeksiyası törədən) olduğu kimidir”.
Həkim vurğulayıb ki, sadəcə uşaqlar və yaşlı şəxslər deyil, bütün yaş qrupunda olan insanlar bu virusa həssasdır, yoluxa bilər və yoluxur: “Uşaqlara gəlincə, birincili uşaqlıq yaş dövrünün sonuna qədər (6 yaş) əksər uşaqlar, ikincili yaş dövrünün (9-10 yaş) sonuna qədər isə, mütləq şəkildə bütün uşaqlar metapnevmovirus infeksiyasına yoluxur və sağalırlar. Yəni burada faciə kimi təqdim ediləcək qeyri-adi bir şey yoxdur. Bəli, müxtəlif illərdə bu infeksiya zamanı aşağı tənəffüs yolunun xəstəlikləri ilə, yuxarı tənəffüs yolu xəstəlikləri arasında fərqlilik müvafiq olaraq 10,2%-36% və 1%-5% nisbətində olub. Lakin bu hal, risk qrupunda olan xəstələrin (immun sistemi zəifləmiş, üzülmüş və s.) müqayisəli göstəricilərinin təhlili əsasında aparılıb. Hazırkı virus infeksiyası ekliptik hərəkət boyunca ardıcıl növbələşən 3 dalğa şəklində davam etməlidir. Hazırkı 1-ci dalğa, yanvar ayının ikinci yarısına kimi saxlanılacaq, sonra fevral ayının 1-ci ongünlüyünə qədər (2-ci dalğa) yoluxmada stabilləşmə, ikinci ongünlüyündən etibarən (3-cü dalğa) kəskin zəifləmə, nəhayət mart ayının 2-ci ongünlüyündən etibarən sporodikləşmə və sönmə baş verəcəkdir”.
Professor M.Qəniyev deyib ki, xəstələnmə zamanı fəsadlaşma və ya ikincili mikrob infeksiyası baş vermədiyi halda antibiotik, antibakterial dərman maddələri, eləcədə insanlarımızın çox sevdiyi “sistem vurdurmaq”, mütləq əks göstərişdir: “Yoluxmanın ilkin və davam etdiyi müddətdə müalicə prinsipi, bütün hallarda İnteqrativ Təbabətin tövsiyə etdiyi meyarlar (dəstəkləyici və sanogenetik terapiya) üzrə aparılmalıdır. Xəstə olmayan şəxsin maska taxması da məsləhət deyil. “Viral” infeksiyalardan qorunmanın əsas yolu isə, həmişə dediyim kimi eynicinslilərin öpüşməsi kimi iyrənc vasitədən əl çəkilməsidir. Uşaqları öpmək isə, “Viral” infeksiyaların fəsli artımı dövründə ümumiyyətlə yolverilməzdir”.