Xərçəngdə erkən diaqnozun vacib olduğu bilinsə də, xüsusilə heç bir əlamət göstərməyən hallarda diaqnoz qoymaq çətinləşir. Diaqnozun gecikməsi isə xərçəngin daha da irəliləməsinə imkan verir. Xərçəngin erkən aşkarlanması üsullarını axtaran bir qrup elm adamları tədqiqatlarını qan testlərinə yönəldiblər. Bu sahədə yeni bir araşdırma ilə naməlum arıqlama və ya yorğunluq kimi əlamətlər göstərən insanlarda xərçəngi təsbit edən qan testi hazırlanıb.
Moderator.az xəbər verir ki, “Clinical Cancer Research” jurnalında dərc olunan araşdırma xərçənglə birbaşa əlaqəsi olmayan, lakin yorğunluq və kilo itkisi kimi simptomları olan 300 nəfər üzərində aparılıb. Qan testləri hər 20 diaqnozdan 19-nun doğru olduğunu göstərib.
Bu test beynəlxalq səhiyyə bölmələri tərəfindən təsdiqlənərsə, xərçəng şübhəsi olan xəstələrin problemin nə olduğunu anlamaları üçün ümid işığı olacağı gözlənilir.
Metastazı aşkar edə bilər, lakin hələ də şişin növünü təyin edə bilmir
Səbəbsiz yorğunluq və ya kilo itkisi yaşayan xəstələr üçün şikayətləri artana qədər daha ətraflı xərçəng araşdırması ümumiyyətlə aparılmır. "Aşağı risk" qrupu olaraq təyin olunan bu xəstələrdə xərçəng varsa, lakin diaqnoz qoyulmazsa, xərçəngin irəliləmə riski var.
Araşdırma qrupundan olan Dr Ceyms Larkin hazırladıqları qan testi ilə bu problemin qarşısını almaq olar deyə bildirib.
Oksford Universitetinin tədqiqatçısı Larkin vurğulayır ki, əgər qan testləri xəstədə xərçəng aşkar edərsə, xəstə xərçəngin növünü anlamaq üçün əlavə görüntüləmə üsullarına müraciət edilə bilər.
Tədqiqatda hazırlanmış qan testi nüvə maqnit rezonansı (NMR) spektroskopiya texnologiyasından istifadə edir. Bu texnologiyada qanda metabolik tullantıların kiçik hissəcikləri aşkar edilə bilər. Sağlam insanlarda metabolik "barmaq izi" lokallaşdırılmış və ya metastatik xərçəngdən fərqlənir.
Qan testi həmçinin 94 faiz dəqiqliklə lokallaşdırılmış və ya metastazlı xərçəngi ayırd edə bilir. Yəni qan testi xərçəngin yayılıb yayılmadığını müəyyən edə bilər, lakin hələ ki, şişin növünü müəyyən edə bilmir. Tədqiqatçılar şişin növünü müəyyən etmək üçün işlərini davam etdirirlər.
Bəzi immun terapiya metastaz hallarında insanların sağalma sürətini artırır. Ancaq bu bahalı və yan təsirləri yüksək olan dərmanları hər kəsə vermək mümkün deyil. Britaniyanın “The Guardian” qəzetinə danışan Dr. Larkin inkişaf etdirdikləri qan testi sayəsində metastazların erkən aşkarlana biləcəyini və düzgün müalicəyə daha erkən başlanıldığını vurğulayır.
İngiltərədə xərçəng diaqnozu üçün fərqli qan testinin sınaqları davam edir
Sentyabr ayından etibarən İngiltərədə Milli Səhiyyə Sistemi (NHS) tərəfindən xərçəng diaqnozu üçün fərqli bir qan testinə cəhd edilib.
50-dən çox xərçəng növünü əlamətlər görünmədən təsbit edə bilən bu üsul sayəsində xərçəngin diaqnoz və müalicəsində yeni bir dövrün açıla biləcəyi bildirilir.
140 mindən çox könüllüdən alınan nümunələrlə aparılan sınaqlar müvəffəqiyyətli olarsa, bu xərçəng testinin İngiltərədə istifadəyə verilməsi hədəflənir.
Aysel Məmmədova