Alimlər xərçəng hüceyrələrinin zəifləməsinə kömək edə biləcək pəhriz yanaşması hazırlayıb.
ABŞ-ın Şimali Karolina Universitetinin Tibb Məktəbinin alimləri xərçəng hüceyrələrinin böyüməsini dayandırmağa kömək edə biləcək yeni pəhriz yanaşması üzərində araşdırma aparıblar.
"New Atlas"-ın məlumatına görə, tədqiqat zamanı siçanların qidasından bəzi amin turşuları – sistein və metionin çıxarılıb. Nəticədə ferroptoz adlanan hüceyrə ölümü prosesi güclənib və xərçəng hüceyrələrinin məhv olması artıb.
Alimlər müəyyən ediblər ki, bu pəhriz siçanların xərçəng əleyhinə dərmanlara reaksiyasını da yaxşılaşdırıb. Xüsusilə qlioblastoma kimi aqressiv şişlərdə bu yanaşmanın faydalı ola biləcəyi qeyd olunur.
Sistein və metionin müxtəlif qidalarda, o cümlədən ət, yumurta, balıq, tam taxıllar və qoz-fındıqda mövcuddur. Lakin tədqiqatçılar vurğulayırlar ki, bu maddələrin məhdudlaşdırılması insanlarda hələ tam təsdiqlənməyib və əlavə araşdırmalar tələb edir.
Mütəxəssislərin fikrincə, belə pəhrizlər xərçəng müalicəsini əvəz etmir, lakin gələcəkdə əsas terapiyalara əlavə vasitə kimi istifadə oluna bilər.