Yeməklərə süfrə arxasında əlavə duz vurmaq sağlamlıq üçün ciddi risk amillərindən biri ola bilər.
Moderator.az "Cursorinfo" nəşrinə istinadən xəbər verir ki, yeni araşdırmada bişmiş yeməklərə sonradan duz əlavə etməyin vaxtından əvvəl ölüm riski ilə əlaqəli ola biləcəyi müəyyən edilib.
Alimlərin apardığı araşdırmaya görə, süfrədə yeməklərinə tez-tez əlavə duz vuran insanların vaxtından əvvəl ölüm riski duzdan nadir hallarda istifadə edənlərlə müqayisədə təxminən 28 faiz yüksək olub.
Tədqiqatçılar bu nəticəyə insanların qidalanma vərdişlərini və onların sağlamlığa uzunmüddətli təsirini araşdırdıqdan sonra gəliblər.
Duz niyə təhlükəli ola bilər?
Yüksək qan təzyiqi
Həddindən artıq natrium qəbulu orqanizmdə mayenin saxlanmasına səbəb olur. Bu isə yüksək qan təzyiqinin yaranmasına və nəticədə insult, ürək-damar xəstəlikləri riskinin artmasına gətirib çıxara bilər.
Böyrək problemləri
Çox miqdarda duz qəbul edilməsi böyrəklərə əlavə yük yaradır və böyrək funksiyalarının pozulması, eləcə də böyrək daşlarının yaranması riskini yüksəldə bilər.
Osteoporoz riski
Orqanizmdə natrium səviyyəsinin yüksək olması sümüklərdən kalsium itkisini sürətləndirə və onların daha kövrək olmasına səbəb ola bilər.
Duzdan asılılıq
Mütəxəssislərin fikrincə, çox duzlu qidalara alışdıqca dad reseptorları bu intensivliyə uyğunlaşır və insan daha çox duz istifadə etməyə meyllənir.
Duz qəbulunu necə azaltmaq olar?
1)Evdə yemək hazırlayın
Evdə bişirilən yeməklərdə duzun miqdarına nəzarət etmək daha asandır. Dad vermək üçün təbii ədviyyatlardan və göyərtidən istifadə etmək olar.
2)Emal olunmuş qidaları məhdudlaşdırın.
Kolbasa, konservlər, hazır şorbalar və müxtəlif souslarda natrium miqdarı yüksək ola bilər.
3)Alternativ dadlandırıcılardan istifadə edin
Limon suyu, sirkə, müxtəlif ədviyyatlar və təbii otlar yeməklərin dadını artırmağa kömək edə bilər.
4)Duzu yeməyin sonunda əlavə edin
Bu üsul istifadə olunan duzun miqdarını azaltmağa imkan verə bilər.
5)Məhsulların tərkibini yoxlayın
Qidaların üzərində göstərilən natrium miqdarına diqqət yetirmək və daha az natrium olan məhsullara üstünlük vermək tövsiyə olunur.