Alimlər xərçəng riskini azaltmağa kömək edə biləcək vitamini açıqlayıblar
Sağlamlıq
1819
03 Aug 2026 | 21:25

Alimlər xərçəng riskini azaltmağa kömək edə biləcək vitamini açıqlayıblar

Bədəndə D vitamininin kifayət qədər yüksək səviyyədə olması bəzi xərçəng növlərinin inkişaf riskinin azalması ilə əlaqəli ola bilər.

Moderator.az xəbər verir ki, bu barədə "EurekAlert" portalı beynəlxalq alimlər qrupunun apardığı tədqiqata istinadən məlumat yayıb.

Araşdırma çərçivəsində 40-69 yaş arasında olan 33 mindən çox yaponiyalının məlumatları təhlil edilib. Tədqiqat zamanı iştirakçıların qan nümunələri, qidalanma və həyat tərzi ilə bağlı sorğular, həmçinin ailə üzvlərində xərçəng xəstəliyinin olub-olmaması nəzərə alınıb.

İştirakçılar 16 ildən artıq müddətdə izlənilib. Alimlər yaş, bədən çəkisi, fiziki aktivlik, siqaret çəkmə və alkoqol qəbulu kimi amilləri də təhlilə daxil ediblər.

Nəticələr göstərib ki, qanda D vitamini səviyyəsi daha yüksək olan şəxslərdə xərçəngə tutulma riski həm kişilər, həm də qadınlar arasında təxminən 20 faiz daha aşağı olub.

Araşdırmada D vitamininin xüsusilə qaraciyər xərçəngi ilə əlaqəsi diqqət çəkib. Belə ki, yüksək D vitamini səviyyəsi bu xəstəliyin inkişaf riskinin 30-50 faiz azalması ilə əlaqələndirilib. Bu təsirin kişilərdə daha qabarıq müşahidə olunduğu bildirilib.

Tədqiqat müəlliflərinin sözlərinə görə, əldə edilən nəticələr D vitamininin xərçəngə qarşı müəyyən qoruyucu təsir göstərə biləcəyi ehtimalını gücləndirir. Bununla yanaşı, alimlər vurğulayırlar ki, belə təsirin müşahidə olunması üçün qanda D vitamininin səviyyəsinin müəyyən həddən yuxarı olması vacibdir. Aşağı səviyyələrdə isə eyni nəticə qeydə alınmayıb.

Araşdırmanın nəticələrinə təhlildə nəzərə alınmayan digər amillər də təsir göstərə bilər. Bununla belə, tədqiqatın böyük iştirakçı sayı, uzunmüddətli müşahidə dövrü və qanda D vitamini səviyyəsinə dair geniş məlumat bazası əldə olunan nəticələrin etibarlılığını artırır.

Alimlər xatırladırlar ki, bu nəticələr D vitamininin xərçəngdən tam qoruduğu anlamına gəlmir. Onların fikrincə, D vitamini qəbuluna başlamazdan əvvəl onun səviyyəsinin laborator müayinələrlə yoxlanılması və həkim məsləhəti alınması məqsədəuyğundur.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər