Rusiyanın Piroqov Universitetinin Təhsil, Tibb və Sosial İnkişaf İnstitutunun Kardiologiya kafedrasının baş laborantı Anastasiya Savenkova sağlamlıq üçün ən təhlükəsiz fiziki fəaliyyət növləri barədə danışıb.
Fiziki aktivlik sağlam həyat tərzinin vacib hissəsidir. Lakin mütəxəssislər bildirirlər ki, idman növü seçərkən insanın yaşı, sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi mütləq nəzərə alınmalıdır.
Moderator.az xəbər verir ki, bu barədə "vecherka-spb.ru" nəşri yazıb.
Onun sözlərinə görə, rahat tempdə gəzinti ən təhlükəsiz fiziki fəaliyyətlərdən biri hesab olunur. Bu, oynaqlara və ürək-damar sisteminə həddindən artıq yük salmadan sağlamlığın qorunmasına kömək edir.
Mütəxəssis məşq zamanı ürək döyüntüsünə nəzarət etməyi də tövsiyə edir. Bunun üçün ağıllı saat və ya digər ölçmə cihazlarından istifadə etmək mümkündür. Əksər insanlar üçün ürək döyüntüsünün dəqiqədə 140-160 vurğunu keçməməsi məqsədəuyğun sayılsa da, bu göstərici insanın yaşına, sağlamlıq vəziyyətinə və həkim tövsiyəsinə əsasən dəyişə bilər.
Savenkova qeyd edib ki, məşq zamanı orqanizmin verdiyi siqnallara diqqət yetirmək vacibdir. Başgicəllənmə, güclü təngnəfəslik, huşun itməsi, dodaq və burun ətrafında göyərmə, eləcə də digər narahatedici əlamətlər yaranarsa, məşqin intensivliyi dərhal azaldılmalı, lazım gəldikdə isə dayandırılmalıdır.
Onun sözlərinə görə, dərinin solğunlaşması, əllərin soyuması və titrəmə hipoqlikemiyanın əlaməti ola bilər. Belə hallarda idmanı dayandırmaq və zərurət yaranarsa həkimə müraciət etmək tövsiyə olunur.
Kardioloq vurğulayıb ki, idman sağlamlığa fayda verməli, zədələnməyə səbəb olmamalıdır. Üzgüçülük, yoqa, piyada gəzinti və yüngül intensivlikli məşqlər sağlamlığın qorunması üçün ən uyğun seçimlər sırasındadır.
İdman zalında güc məşqləri edənlərə isə orta çəkilərdən istifadə etmək, bir neçə yanaşma ilə kifayətlənmək və həddindən artıq yüklənmədən qaçmaq tövsiyə olunur. Mütəxəssis hər bir insanın fiziki imkanlarına uyğun məşq proqramını peşəkar məşqçi və ya həkimlə birlikdə müəyyənləşdirməsinin daha doğru olduğunu bildirib.