Yeni Klinikadakı qalmaqal: TƏBİB cavabında əsas məqama aydınlıq gətirmədi
Sağlamlıq
7614
14 Jul 2026 | 17:59

Yeni Klinikadakı qalmaqal: TƏBİB cavabında əsas məqama aydınlıq gətirmədi

Moderator.az-ın Yeni Klinikada baş vermiş hadisə ilə bağlı TƏBİB-ə ünvanladığı rəsmi sorğu cavablandırılıb.

Xatırladaq ki, redaksiyamıza daxil olan məlumat və videogörüntülərdə Yeni Klinikada növbə sistemində yaranan problem səbəbindən xəstə qəbulunun müvəqqəti dayandığı, növbə gözləyən bir qadının halının pisləşərək huşunu itirdiyi, hadisə zamanı həkim müdaxiləsinin gecikdiyi və bunun vətəndaşların narazılığına səbəb olduğu iddia edilirdi.

TƏBİB isə Moderator.az-ın sorğusuna cavab olaraq bildirib:

"1986-cı il təvəllüdlü qadın ambulator qəbul üçün Yeni Klinikaya müraciət edib. Növbə gözləyərkən özünü narahat hiss etdiyini bildirdiyinə görə dərhal Təcili tibbi yardım şöbəsinə yönləndirilib.

Həkim tərəfindən müayinə olunub. Müayinə zamanı pasiyentin həyatı üçün təhlükə yaradan hər hansı hal və ya kəskin patologiya aşkarlanmayıb. Pasiyent qısa müddət müşahidə altında saxlanılıb. O bildirib ki, oxşar hallar əvvəllər də baş verib və bununla bağlı müalicə alıb.

Hadisə zamanı pasiyentin yaxınlarından biri tibb müəssisəsində ictimai asayişi pozaraq tibb personalını təhqir edib və digər pasiyentlərin xidmət almasına mane olub. Tibb personalının və digər pasiyentlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin şəxs şöbədən uzaqlaşdırılıb".

Qeyd edək ki, TƏBİB-in sorğuya təqdim etdiyi cavabda vətəndaşların üzləşdiyi növbə sistemində yaranan problemin səbəblərinə toxunulmayıb. Açıqlamada növbə sisteminin hansı səbəbdən dayandığı və ya fəaliyyətində yaranmış nasazlığın nədən qaynaqlandığı barədə hər hansı məlumat verilməyib.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər