Suriya ərazisini bombalayan rus qırıcısının Türkiyənin hava sərhədlərini ard-arda iki dəfə pozmasından sonra Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi hava məkanını pozan təyyarələrin dərhal vurulacağını bəyan edib. Baş verənlər fonunda açıqlama verən NATO da Rusiyanın hərəkətlərini pisləyib və bunun Türkiyənin təhülkəsizliyi üçün təhdid olduğunu vurğulayıb. NATO-nun baş katibi Yens Stoltenberq isə vurğulayıb ki, rəhbəri olduğu qurum Türkiyəni qorumaq üçün hərbi qüvvə göndərməyə hazırdır.
Maraqlıdır, həqiqətənmi Rusiyanın Türkiyənin hava sərhədlərini pozması sırf texniki yanlışlıqla əlaqədardır? NATO-nun baş verənlərə reaksiyası qənaətbəxş hesab edilə bilərmi?
Məsələ ilə bağlı Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri, hərbi ekspert Üzeyir Cəfərov Rusiyanın Türkiyənin hava sərhədlərini məqsədli şəkildə pozduğunu vurğuladı:
“Rusiyanın bir-birinin ardınca iki dəfə Türkiyənin hava məkanın pozması və bunun hansısa texniki problemlərlə izah edilməsi özlüyündə biabırçılıqdır. XXI əsrdə belə bir arqument əsla qəbul edilə bilməz. Səhv bir dəfə olar. Lakin Rusiya bunu iki dəfə təkrar etdi. Türkiyə isə Rusiyanın ölkəsində səfirini XİN-ə çağıraraq bildirdi ki, bu cür hallara bir daha yol verilməsin. Bu xəbərdarlığın üstündən bir neçə saat keçəndən sonra yenidən Türkiənin hava sərhəddi pozulur və NATO da buna çox yumşaq bir reaksiya verir. Mən şəxsən Qərbin bu cür münasibətini anlaya bilmədim. Onlar ümumi sözlərlə bildirdilər ki, biz Türkiyəyə dəstək ola, ona kömək edə bilərik. Maraqlıdır, NATO bəs nəyi gözləyir?”
Ekspertin sözlərinə görə, Qərbin yumşaq, qeyri-adekvat mövqeyi Rusiyanı aqresssiv davranışlara daha da həvəsləndirir:
“Əslinə qalsa Qərbin yumşaq mövqeyinin və Rusiyanın özbaşınalığının nəticəsidir ki, dünyada gərginlik xeyli artıb. Rusiyanın Ukraynaya müdaxiləsi, Ukraynanın ayrılmaz bir hissəsi olan Krımın işğalı, Donbasda, Luqanskda həyata keçirdiyi özbaşınalıqlar bu gərginliyi artıran amillərdəndir. Faktiki olaraq, dünya dövlətləri yalnız danışmaq, Rusiya isə hərəkət etməklə məşğuldur”.
Ekspertin bildirdiyinə görə, Rusiya ara-sıra Azərbaycanla da zor dili ilə danışmağa, ona münasibətdə hörmətsizlik sərgiləməyə cəhd edir:
“Rusiyanın Türkiyənin ardınca Azərbaycanı da hərbçi təbirincə desək, tankın altına itələməsi müşahidə edildi. Xəzər dənizindən İŞİD-in mövqelərinə zərbə endirən Rusiya yalnız günün ikinci yarısında bəzi açıqlamalar verməyə məcbur oldu. Rusiya prezidentinin mətbuat katibi qeyd etdi ki, bu atışlarla bağlı həm İran, həm də İraq məlumatlandırılıb. Onların bu atışlardan xəbəri var idi. Bu atəş İrana yaxın su hövzəsindən həyata keçirilib. Yəni İran və İraq məlumatlndırıldığı üçün bu atışların mülki təyyarələrə xətər yetirilməyəcəyi təmin edilmişdi. Ilkin məlumat isə bundan ibarət idi ki, Rusiya guya Həştərxan ərazisindən atəş açıb. Belə olduqda isə həm Azərbaycan, həm də Qazaxıstan tərəfi məlumatlandırılmalı idi”.
Ü.Cəfərovun qənaətincə, Rusiya özünün bütün niyyətlərini texniki səhv adı altında həyata keçirməkdədir və gələcəkdə yenə eyni səhv və üzürxahlıq adı altında daha ciddi həmlələr reallaşdıra bilər:
“Türkiyə ilə bağlı baş verənlərə NATO sərt münasibət göstərməli idi. Putin görəndə ki, NATO və digər dövlətlər onun özbaşınalıqlarına yalnız siyasi bəyanatlarla cavab verirlər, bundan həvəslənir və öz təcavüzkar addımlarını davam etdirirlər. Bu tendensiya belə davam edəcəksə, Rusiya sabah başqa addımlar atacaq. Xəstəxanalara, mülki obyektlərə “səhvən” zərbə endirən Rusiya sabah yenə texniki səhv adı ilə başqa həmlələr reallaşdıracaq. Sabah Suriya ərazisində hərbi əməliyatlara cəlb edilən Türkiyə əsgərləri rus hərbçilərinin “səhvi” ucbatından həlak olarsa, NATO yenə də konkret addımlar atmaq əvəzinə baş verənlərdən təəssüfləndiyini bildirəcək”.
Ü.Cəfərov hesab edir ki, əslində Rusiyanın həyata keçirdiyi son addımlar Türkiyənin sayıqlığı və hərbi çevikliyini yoxlamaq məqsədi də daşıya bilər:
“Ola bilsin ki, Rusiya regionda ən böyük güc olan Türkiyənin imkanlarını yoxlayır. Baxmayaraq ki, bu, həmin Türkiyədir ki, ən çətin məqamda Rusiyaya həyan durdu, Rusiyaya iqtisadi sanksiyalar tətbiq ediləndə Ərdoğan Putinə qucaq açdı. Amma yenə də Putin xəyanət etdi və aprel ayında qondarma erməni soyqırımı ilə bağlı tədbirə qoşuldu”.
Ekspertin sözlərinə görə, Türkiyənin zəifləməsi NATO-nun özünün taleyini sual altında qoya bilər:
“Əgər Türkiyənin zəifləməsi baş verərsə, NATO-nun özünün varlığı sual altına düşə bilər. NATO belə məsələlərdə son dərəcə ciddi mövqe sərgiləməlidir. Çalışmalıdır ki, Rusiyanın bu özbaşınalıqlarına son qoyulsun.
Hazırda gərginlik artan xətt üzrə davam edir və baş verən proseslərə nəzər salsaq görərik ki, yaxın gələcəkdə vəziyyətin daha da gərginləşməsi ehtimalı böyükdür”.
Seymur Əliyev