İranın xarici işlər naziri Abbas Əraqçı və parlamentin sədri Məhəmməd Bagir Qalibaf ölkəni tərk etməyiblər. Hər iki rəsmi şəxs hazırda Tehrandadır və öz dövlət vəzifələrini fəal şəkildə icra etməyə davam edirlər.
Bu barədə "Tasnim" informasiya agentliyi məlumatlı mənbəyə istinadən xəbər yayıb.
Agentliyin həmsöhbəti qeyd edib ki, bəzi kütləvi informasiya vasitələrində İranın danışıqlar qrupunun amerikalılarla görüşmək üçün Pakistanın paytaxtı İslamabada getməsi ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır və yalandır. İranın digər informasiya agentliyi olan "Fars" da nümayəndə heyətinin Pakistana səfəri barədə xəbərləri təkzib edib. Bildirilib ki, Livan ərazisində atəşkəs əldə olunana qədər Tehran ABŞ tərəfi ilə hər hansı sülh danışıqlarında iştirak etməyi planlaşdırmır.
Xatırladaq ki, bir qədər əvvəl "The Wall Street Journal" nəşri ABŞ ilə münaqişənin həlli istiqamətində danışıqlar aparmaq məqsədilə İran nümayəndə heyətinin cümə axşamı gecə saatlarında İslamabada çatdığını yazmışdı. Həmin məqalədə iddia olunurdu ki, nümayəndə heyətinə İranın xarici işlər naziri və parlament sədri rəhbərlik edirlər.
(oxu.az)