"Dörd ildir biz ulduzlu səmanı izləyir və ən vacib arzumuzu diləyirik. Amma elə ölkələr var ki, orada səmadan ulduzlar yox, bombalar düşür, dronlar uçur..."
Hollivudun 98-ci "Oskar" mərasimində ən çox diqqət çəkən hadisələrdən biri "Mr. Nop Against Putin" ("Sadə adam Putinə qarşı") sənədli filmin qalib gəlməsi olub. Film "ən yaxşı tammetrajlı sənədli film" nominasiyasında qızıl heykəlciyi qazanıb və bununla da kino tarixində gözlənilməz bir hekayə yazılıb.
Moderator.az xəbər verir ki, bu barədə "euronews.com" nəşri məlumat yayıb.
Bir məktəb videografının gözlənilməz yolu
Filmin əsas qəhrəmanı və müəlliflərindən biri - Rusiyanın kiçik Karabaş şəhərində işləyən videograf və müəllim Pavel Talankindir. O, məktəbdə tədbirləri və dərsləri çəkmək üçün işə götürülüb. Əslində onun vəzifəsi sadəcə hesabat üçün görüntülər hazırlamaq olub: məktəb tədbirləri, yığıncaqlar, müxtəlif dərslər.
Lakin Ukrayna müharibəsi başlayandan sonra bu işin mahiyyəti dəyişib. Məktəblərdə "vətənpərvərlik dərsləri", xüsusi ideoloji tədbirlər və müharibəni dəstəkləyən çıxışlar təşkil olunmağa başlayıb. Talankin kameranı söndürməyin. O, yalnız rəsmi tədbirləri deyil, məktəbdə baş verən real atmosferi - uşaqlara təlqin edilən ideologiyanı, dəyişən mühiti və gündəlik həyatı da gizlicə lentə almağa başlayıb.
Gizli çəkilişlərdən doğan film
İllərlə toplanan həmin videomateriallar sonradan filmə çevrilib. Talankin amerikalı rejissor Devid Borenşteyn ilə əməkdaşlığa başlayıb və birlikdə çəkilən görüntüləri Rusiyadan gizli şəkildə çıxarmağa nail olublar.
Sənədli film sadəcə bir məktəbin hekayəsi deyil. O, dövlət ideologiyasının gündəlik həyata necə sızdığını, məktəblərin belə siyasi təbliğatın meydanına necə çevrildiyini göstərir. Bir növ kamera vasitəsilə müasir Rusiyanın içindən çəkilmiş nadir və açıq görüntülər ortaya çıxır.
Filmin çəkilişləri Talankin üçün ciddi risk demək idi. Nəticədə o, 2024-cü ildə Rusiyanı tərk etmək məcburiyyətində qalıb və hazırda Avropada yaşayır. Ailəsinin bir hissəsi isə hələ də Rusiyada qalıb. Kino tənqidçiləri bu hekayəni "əsl Hollivud süjeti" adlandırırlar. Sadə bir məktəb videografı illərlə çəkdiyi gizli kadrlardan elə bir film yaradır ki, nəticədə dünyanın ən nüfuzlu kino mükafatını qazanır.
"Ulduzlar yox, bombalar düşür"
"Oskar" səhnəsinə çıxan Pavel Talankin nitqini rus dilində söyləyib və emosional bir çağırış edib. Onun sözləri mərasimdə ən çox yadda qalan anlardan biri olub. "Dörd ildir biz ulduzlu səmanı izləyir və ən vacib arzumuzu diləyirik. Amma elə ölkələr var ki, orada səmadan ulduzlar yox, bombalar düşür, dronlar uçur. Gələcəyimiz, uşaqlarımız naminə bütün müharibələri dayandıraq. Elə indi".
Filmin digər müəllifi Devid Borenşteyn isə çıxışında belə deyib: bu film bir ölkəni necə itirdiyin haqqında hekayədir. Onun fikrincə, bəzən ölkələr böyük hadisələrə görə deyil, "kiçik səssiz razılaşmaların" çoxalması nəticəsində dəyişir. Kreml isə filmlə bağlı suallardan yayınmağa üstünlük verib.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə qısa cavab verib: "Mən bu filmi izləməmişəm". Buna baxmayaraq, "Heç kim Putinə qarşı" artıq kino tarixində öz yerini tutub. Çünki bu film təkcə siyasi hekayə deyil - o, bir insanın kameranı söndürməmək qərarının necə böyük nəticələr doğura biləcəyini göstərən nadir hekayədir.