Məlum olduğu kimi Avropa Birliyi, Rusiyaya qarşı sanksiyaların müddətini, daha 6 ay uzatmağa qərar verib. Qərbin sanksiya siyasətini hədsiz aqresivliklə qarşılayan Rusiya elə ilk dəqiqədən əks-tədbirlər həyata keçirməyə başlayıb. Belə ki, Qərbdən idxal edilən əksər sənaye məhsullarından imtina edən Rusiya Avropa mallarını rus bazarından çıxartmaq niyyətindədir.
Maraqlıdır, Qərb-Rusiya ziddiyyətlərinin kəskinləşməsi
tərəflərə nə vəd edir? Qərb Rusiyanı sanksiyalar hesabına çökdürə biləcəkmi? Qərbin
sanksiyaları Rusiyaya təsir baxımından nə dərəcədə effektli olacaq?
Məsələ ilə bağlı Moderator.az-a
açıqlama verən politoloq Qabil Hüseynli Rusiyanın bu sanksiyalardan ciddi mənada
zərər görəcəyini bildirdi:
"Təbii ki, bu
sanksiyalar Rusiya üçün təsirsiz ötüşməyəcək. Qərbin bu günə kimi tətbiq etdiyi
sanksiyalar Rusiyanı kifayət qədər çaş-baş qoyub. Bu sanksiyalar rus rublunu
öldürüb. İşsizlik səviyyəsi artıb. Ən başlıcası isə odur ki Qərbin yüksək
elmtutumlu texnologiyaya malik şirkətləri Rusiyanı tərk edib. Dünya bazarında
neftin qiymətinin kəskin ucuzlaşması da Rusiyanın dövlət büdcəsinə böyük ziyan
vurub. Bəzi Avropa dövlətləri yaxın gələcəkdə, Rusiyadan neft idxalını
dayandırmaq niyyətindədir. Əgər bu reallaşarsa, o zaman Rusiya üçün növbəti zərbə
olacaq.
Neftin qiymətinin aşağı
düşməsiylə əlaqədar olaraq, qazın da qiyməti aşağı düşüb. Bunun nəticəsində hər
gün Rusiyaya milyon dollarla ziyan dəyir. Rusiya "Səkkizlər" adlanan,
dünyanın ən böyük dövlətləri sırasından çıxarılıb. Rusiyanın gələcəkdə BMT-nin
Təhlükəsizlik Şurasından çıxarılması ilə bağlı fikir mübadiləsi aparılır. Şimal
qonşumuzun beynəlxalq bank sistemindən çıxarılması da gündəmdədir. Rusiya
çağdaş dünyadan təcrid edilmək ərəfəsindədir. Onun Suriya ərazisinə qoşun
yeritməsi və Bəşər Əsədə arxa çıxması, dünyanın Rusiyaya qarşı qəzəbini artıran
əsas faktorlardandır. Bu, Rusiya üçün heç də xoş olmayan nəticələrə gətirib çıxaracaq”.
“Rusiyanı dünyadan təcrid
etmək onu həm də daha aqressiv davranışlar sərgiləməyə vadar etmək deyilmi”
sualına gəlincə, Q.Hüseynli bu fikirdə həqiqət payı olduğunu bildirsə də, bu
aqressiyanın Rusiya üçün daha ağır nəticələr doğuracağına diqqət çəkdi:
“Bu fikir daha çox
ruslara məxsusdur. Rus politoloqları iddia edir ki, Qərb öz sanksiyaları ilə
"şimal ayısını" daha aqressiv addımlar atmağa vadar edir. Onlar hətta
bildirir ki, bu cür addımlar Rusiyanı nüvə düyməsini basmağa vadar edə bilər.
Lakin bu mümkün deyil. Çünki Rusiyanın nüvə silahları Qərbin nüvə silahları
kimi təkmilləşdirilmiş silahlar deyil. Qərbdə nüvə hücumundan müdafiə olunmaq
üçün qalxan sistemi var. Nüvə müharibəsi başlayarsa, Rusiya çox ciddi itkilər
verə bilər. Hətta Rusiya bir dövlət olaraq yer üzündən silinə bilər. Ancaq belə
bir aqibət Qərb üçün gözlənilən deyil. Təbii, belə bir Qərb üçün də itkisiz
başa gəlməyəcək. Ancaq hər halda, Qərb nüvə müharibəsindən Rusiya qədər ziyan
görməyəcək. Nüvə müharibəsi bütün dünya üçün təhlükəlidir. Əgər bu müharibədən
sonra yer kürəsində həyat davam edərsə, o zaman bu silahdan istifadə edən şəxs
bəşəriyyətin sonuna kimi lənətlə yad ediləcək. Nüvə silahından istifadə çox
böyük məsuliyyət tələb edir”.
Pərviz Əliyev