Azərbaycanın son illərdə atdığı addımlar təkcə hərbi və siyasi qələbə ilə məhdudlaşmır, eyni zamanda hüquqi və mənəvi ədalətin bərpasına yönəlmiş ardıcıl bir prosesi əhatə edir. Münaqişədən sonrakı dövrdə regionda formalaşan yeni reallıqlar fonunda müharibə cinayətlərinə hüquqi qiymət verilməsi və məsul şəxslərin cavabdehliyə cəlb olunması məsələsi əsas gündəm mövzularından birinə çevrilib. Bu proses yalnız keçmişin hesabının sorulması deyil, həm də gələcəyə ünvanlanan açıq mesajdır.
Törədilən heç bir cinayət zamanın arxasında gizlənə bilməz.
Eyni ilə ölkə rəhbərimiz Cənab İlham Əliyevin “heç bir cinayət cəzasız qalmayacaq” fikrində ifadə olunduğu kimi.
Moderator.az mövzu ilə bağlı mövcud vəziyyəti və aparılan məhkəmə proseslərinin mahiyyətini Milli Məclisin deputatı Arzuxan Əlizadə ilə müzakirə edib.
Deputat bildirib ki, bu istiqamətdə atılan addımlar beynəlxalq hüquqa əsaslanır və Azərbaycanın prinsipial mövqeyinin bariz nümunəsidir:
“Azərbaycan 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarını azad etməklə həm suverenliyini, həm də ərazi bütövlüyünü bərpa etdi.
Bununla da regionda tamamilə yeni reallıqlar formalaşdı. Vaxtilə Azərbaycana təzyiq göstərən və reallıqla barışmağa çağıran bir sıra qüvvələr bu gün Azərbaycanın öz gücü ilə yaratdığı reallıqları qəbul etmək məcburiyyətində qalıblar.
Otuz il ərzində Azərbaycan dövlətinə və xalqına qarşı ağır təcavüzlər və cinayətlər törədilib. Torpaqlarımızın işğalı ilə yanaşı, həmin ərazilər yerlə-yeksan edilib, bir milyona yaxın qaçqın və məcburi köçkün problemi yaranıb. İnsanlıq əleyhinə cinayətlər, Xocalı və digər bölgələrdə soyqırımları baş verib. Azərbaycan 30 ildən sonra tarixi və ilahi ədaləti bərpa etməklə yanaşı, bu cinayətləri törədən və onlara şərait yaradan şəxsləri də məsuliyyətə cəlb edib. Təəssüf ki, onların hamısı hələ məsuliyyətə cəlb olunmayıb, lakin bu proseslərə rəhbərlik edənlərin əhəmiyyətli bir hissəsi artıq həbs olunub və bu gün Azərbaycan məhkəmələri qarşısında cavab verirlər".
Millət vəkili əlavə olaraq qeyd edib ki, buna baxmayaraq, bu gün də Azərbaycana qarşı ədalətsiz mövqelərin şahidi olunmaqdadır:
“Avropa Parlamenti və bəzi digər qurumlar müharibə cinayətləri törətmiş, bu cinayətləri məhkəmələrdə və istintaq zamanı etiraf etmiş hərbi cinayətkarların azadlığa buraxılması, onların siyasi məhbus kimi təqdim edilməsi istiqamətində, demək olar ki, yarışa giriblər. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan öz gücü ilə reallıqları dəyişdiyi kimi, bu gün də həmin cinayətkarlar mühakimə olunur və sona qədər layiq olduqları cəzanı alacaqlar.
Prezident İlham Əliyevin illər əvvəl səsləndirdiyi “heç bir cinayət cəzasız qalmayacaq” fikri bu gün həyata keçirilən məhkəmə proseslərində artıq öz təsdiqini tapır. Azərbaycan gələcəkdə də ölkəmizə və xalqımıza qarşı cinayətlər törətmiş, hazırda azadlıqda olan şəxslərin də ədalət qarşısında cavab verməsi üçün israrlı addımlar atacaq".
Pərvin Şakirqızı